
Gənc aktivist Google və Facebook'a qarşı 8.8 milyard dollarlıq məhməkə iddiası qaldırıb
Elm & Texnologiya
27.05.2018
25 May tarixində Avropa Birliyində
özəl məlumatların təhlükəsizliyi ilə bağlı General Data Protection Regulation
(GDPR) adı ilə tanınan yeni qanun qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi ilk
gündəcə avstriyalı hüquqşünas və məlumatların qorunması uğrunda mübarizə aparan
Max Schrems Google, Facebook, Instagram və Whatsapp-a qarşı None of Your
Business qeyri-kommersiya təşkilatı adından məhkəmə iddiası qaldırıb. O
bildirib ki, böyük şirkətlər öz servislərinə keçidin məhdudlaşdırılması hədə-qorxusu
sayəsində istifadəçilərin yeni şərtləri məcburi şəkildə qəbul etmələrinə nail
olmağa çalışırlar. Bu isə öz növbəsində GDPR qanununun tələblərinə ziddir.
CNBC
ilə söhbətində Max bildirib ki, Facebook artıq yeni şərtləri qəbul etməmiş bəzi
istifadəçilərin hesablarını dondurub. “İstifadəçilərin iki seçimi var idi: Ya
hesablarını pozsunlar yada “razıyam” düyməsinə klik etsinlər. Bu isə azad seçimə
bənzəmir. Bu daha çox Şimali Koreyadakı seçimlərə bənzəyir” – deyə Max öz
müsahibəsində bildirib. Yeni qaydalara əsasən Avropada yerləşən və ya Avropa
Birliyinə daxil olan ölkələrdən olan vətəndaşlar ilə çalışan internet şirkətləri
həmin insanların özəl məlumatlarını emal etmək üçün hər bir şəxsdən icazə
almalıdırlar.
Bununla belə istifadəçilərin yeni şərtlərlə razılaşmama imkanları
da olmalıdır. Bundan əlavə olaraq istifadəçilərin istənilən vaxt onlar barəsində
hansı məlumatların yığıldığını və həmin məlumatların hansı məqsədlə yığıldığını
şirkətlərdən öyrənmək hüquqları var. GDPR normalarının pozulması halında şirkət
öz illik gəlirinin 4%-ni (20 milyon avro və ya 23.4 milyon dollar) cərimə kimi
ödəməlidir. Beləliklə None of Your Business qeyri-kommersiya təşkilatı
Avropanın müxtəlif ölkələrində 4 məhkəmə iddiası qaldırıb. Max-ın
hesablamalarına əsasən məhkəmə tərəfindən maksimal cərimə məbləğinin təyin
olunacağı halında Google və Facebook (Instagram və Whatsapp) şirkətləri üçün
olacaq cərimə məbləği ümumilikdə 7.6 milyard avro (8/8 milyard dollar) təşkil
edə bilər.
- Google şirkəti: Məhkəmə iddiası
Fransada qaldırılıb. Maksimal cərimə məbləği 3.7 milyard avro
- Facebook şirkəti: Məhkəmə iddiası
Avstriyada qaldırılıb. Maksimal cərimə məbləği 1.3 milyard avro
- Instagram: Məhkəmə iddiası
Belçikada qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro
- Whatsapp: Məhkəmə iddiası
Hamburqda qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro.
Facebook şirkətinin özəl məlumatların
qorunması üzrə direktoru Erin Egan CNBC ilə müsahibəsində bildirib ki, şirkət
GDPR qanununun qüvvəyə minməsi üçün son 18 ay ərzində çalışıb. Onun sözlərinə
görə şirkət öz siyasətini daha anlaşılan edib və istifadəçilər üçün
konfidensiallıq parametrlərinin axtarışını daha da asanlaşdırıb. Qeyd etmək
lazımdır ki, 2015-ci ildə Max Schrems Facebook-a qarşı olmuş məhkəmə
iddialarından birində qalib gəlmişdi. Həmin vaxtda Avropa Məhkəməsi onun tərəfini
tutaraq Avropa Birliyi ilə ABŞ arasındakı razılaşmanı qanunsuz hesab etmişdi. Həmin
razılaşmaya əsasən şirkətlər avropalı istifadəçilərin məlumatlarını ABŞ-a ötürə
bilərdilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...