main-post-cover

    Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib: O necə çalışır?

    Elm & Texnologiya
    03.08.2020
    Emil Nəcəfov
        Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in beta versiyasına əlavə etmişdi. Lakin bir neçə gün bundan öncə istifadəçilər bildirmişdilər ki, bu funksiya beta versiyadan yoxa çıxıb. Daha sonra məlum oldu ki, Google şirkəti heç gözlənilmədən bu fuksiyanı Chrome brauzerinin Windows üçün olan versiyasına inteqrasiya edib. Bu barədə XDA-Developers saytı xəbər verib. Bu yeni funksiya hələki Chrome Dev Canary test brauzerlərində aktivdir.
        Nearby Sharing funksiyasını bu brauzerlərdə aktivləşdirmək üçün URL hissədə chrome://flags yazmaq və açılacaq yeni siyahıda təcrübi funksiyalar bölməsində bu funksiyanı aktivləşdirmək lazımdır. Növbəti mərhələdə brauzeri yenidən işə salmaq lazımdır. Bu halda chrome://nearby qovluğunda dəstəklənən cihazlar siyahısı açılacaq. Beləliklə bu üsul ilə kompüterdən həmin cihazlara müxtəlif faylları göndərmək olacaq. Qeyd etmək lazımdır ki, Nearby Sharing funksiyasının çalışması üçün Google tərəfindən tərtib edilmiş aparat səviyyəsində bir sıra tələblərə riayət etmək lazımdır.
        Belə ki, Windows vasitəsilə çalışan noutbuk və ya stolüstü kompüter Bluetooth-a sahib olmalıdır. Faylların ötürülməsi zamanı test olunan cihazlar arasında isə hələki Google Pixel smartfonları və Chromebook noutbukları ola bilər. Hər iki cihaz Bluetooth-un çalışma dairəsində olmalıdır. Nearby Sharing funksiyasının stabil Chrome brauzerində çalışması hələki məhdudlaşdırılıb. Şirkət bu yeni funksiyanı hamı üçün nə zaman aktivləşdirəcəyi barəsində bir məlumat vermir.
    Linki kopyala