
Google, Android P'nin final versiyasını təqdim etdi və o, Android Pie adlanır
Elm & Texnologiya
06.08.2018
Emil
Son bir neçə ay ərzində təqdim olunmuş 5 test versiyasından
sonra Google şirkəti öncədən heç bir məlumat verməyərək Android 9 əməliyyat
sisteminin final versiyasını istifadəyə verdi və öz Pixel smartfon modellərini
sözügedən Android versiyasına kimi yenilədi. Daha maraqlısı isə yeni Android
versiyasının adı oldu. Beləliklə yeni Android versiyası Pie adlanır. Bu yeni əməliyyat
sistemini ilk əldə etmiş istifadəçilər isə Pixel, Pixel XL, Pixel 2 və Pixel 2
XL smartfon modellərinin istifadəçiləri oldular. Onu da qeyd etmək lazımdır ki,
əvvəlki sızdırılmış məlumatlara əsasən yeni əməliyyat sistemi Android Pistachio
adlanacaqdı. Lakin bu belə olmadı.

Android Pie-da Google şirkəti öz əsas diqqətini
interfeysin sadəliyinə ayırıb. Belə ki, əməliyyat sisteminin 9-cu versiyasının əsas
fərqləndirici özəlliyi jestlərlə idarəetmə sistemi olub. Bu halda smartfon idarəetməsi
ekranın aşağı hissəsindəki universal simvol vasitəsilə reallaşdırılır. Həmin
simvol ənənəvi Home işarəsini əvəz edib. Beləliklə istifadəçi öz barmağı ilə
ekranı yuxarı sürüşdürən zaman işə salınmış tətbiqlərin əks olunduğu bölmə
ortaya çıxır. İstənilən işi görən zaman ekranı sağa sürüşdürəndə isə sonuncu dəfə
işə salınmış tətbiqə qayıdış reallaşır. Home düyməsini klik edib saxlamaqla
screenshots meneceri işə düşür. Android Pie əməliyyat sistemi Markup adlı yeni
funksiyaya sahibdir. Bu funksiya, edilmiş screenshot fotonun lazımi hissələrini
sürətlə kəsməkdə və ona yazı özəlliklərinin əlavə edilməsində yardımçı olur.

Bununla yanaşı sürətli ayarlar paneli də bir qədər dəyişikliyə məruz qalıb.
Yeni əməliyyat sisteminin bu hissəsində 6 vacib funksiyanın ikonları yer
alıblar. Qeyd etmək lazımdır ki, Wi-Fi ilə Bluetooth ikonlarına klik edib
saxlayaraq aktiv olan cihazlar siyahısına baxış özəlliyi yeni əməliyyat
sistemində ortadan qaldırılıb. Bunu yalnız adi ayarlar bölməsinə daxil olmaqla
etmək mümkün olacaq. Bildirişlər paneli mesajlar üçün optimizasiya olunmuş
interfeys sayəsində emal olunub. Bundan sonra istifadəçi birbaşa bildiriş
panelindən lazımi mesajlara cavab verə biləcək.

Smartfonun səs tənzimlənməsi özəlliyi
də dəyişib. Belə ki, bundan sonra bunun üçün nəzərdə tutulmuş fiziki düymələr təkcə
səsin səviyyəsini tənzimləməyəcəklər, həmdə səssiz və vibrasiya rejiminə sürətli
keçidi də reallaşdıracaqlar. Batareyanın enerji sərfiyyatı machine learning köməyi
ilə xüsusi sistem sayəsində idarə olunur. Həmin sistem istifadə olunan tətbiq və
servislərin tezliklərini təyin edərək prosessora olan yükü tənzimləyir. Bununla
yanaşı enerji sərfiyyatının optimizasiyası üçün avtoparlaqlıq funksiyasının
alqoritmi də təkmilləşdirilib.

Bundan əlavə olaraq Android Pie əvvəlki əmrlərin
ardıcıllığını yadda saxlayaraq müəyyən yeni əmrləri istifadəçiyə təklif edir. Məsələn
qulaqlıqları smartfona qoşan zaman istifadəçinin playlisti avtomatik olaraq işə
düşəcək. Və ya axtarış sisteminə Hawaii sözünün yazılması zamanı ekranda Google
Photo-dan lazımi fotolar əks olunacaq. Android Pie-da ən nəzərə çarpan yenilik
isə Digital Wellbeing funksiyasıdır.
Onun əsas məqsədi istifadəçinin gün ərzində öz smartfonundan necə istifadə etməsi
haqqında məlumatı əldə etməkdir. Beləliklə istifadəçi öz smartfonu ilə nə qədər
zaman keçirtdiyini və hansı tətbiqlərin daha çox istifadə olunduğunu biləcək.
Bu isə öz növbəsində müəyyən tətbiqdən istifadəyə limit qoymaqla smartfon
asılılığından qurtulmağa yardımçı olacaq. Android 9 Pie artıq bugündən etibarən
Pixel modeli smartfonlar üçün aktivdir. Digər məşhur istehsalçıların
smartfonları isə sözügedən yeni Android versiyasını yalnız payız fəslinin
sonunda əldə edəcəklər.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
