main-post-cover

    Google, istifadəçilərin GPS məlumatlarını izləyir və özündə saxlayır

    Elm & Texnologiya
    13.08.2018
    Emil Nəcəfov
        Associated Press saytı Google şirkəti barəsində olan maraqlı tədqiqatını yekunlaşdırıb. Həmin tədqiqata əsasən şirkətin, Android iOS əməliyyat sistemli smartfonlar üçün nəzərdə tutulmuş servisləri hətta istifadəçinin öz yerinin təyin olunması funksiyasını deaktiv etməsi halında da onun GPS məlumatlarını özlərində saxlayırlar.
        Google şirkəti öz növbəsində bildirib ki, istifadəçi Location History funksiyasını deaktiv etdikdə şirkət onun yerini və hərəkət istiqamətləri barəsində məlumatları saxlamır. Associated Press saytının fikrincə isə bu heç də belə deyil. Belə ki, hətta Location History funksiyasının deaktiv olunması halında da şirkətin bəzi servisləri avtomatik olaraq istifadəçinin xəbəri olmadan onun yerləşdiyi yer barəsində məlumatı özlərində saxlayırlar.
        İstifadəçinin harda olduğunu şirkət istifadəçi tərəfindən işə salınmış Maps və ya gündəlik Android-ə gələn hava proqnozu məlumatları vasitəsilə təyin edə bilər. Bununla yanaşı məlumata əsasən şirkət istifadəçinin yerləşdiyi yeri hətta onun axtarış sistemindəki axtarış sorğuları sayəsində də təyin edə bilər. Halbuki ilk baxışdan axtarış sistemindəki axtarış sorğuları ilə istifadəçinin yerləşdiyi yer arasında heç bir əlaqə olmamalıdır.
        Saytın bu məlumatlarını həmçinin Prinston Universitetinin kompüter elmləri sahəsi üzrə fəaliyyət göstərən mütəxəssisləri də təsdiqləyiblər. Təcrübə çərçivəsində Gunes Acar adlı şəxs Google tətbiqlərinin yer aldığı smartfondan 3 gün ərzində istifadə edib. Həmin smartfonda Location History funksiyasının deaktiv olmasına baxmayaraq smartfon Gunes-in GPS məlumatlarını özündə saxlayıb.
    Linki kopyala