main-post-cover

    Google uşaqlar üçün daşınıla bilən sirli cihaz üzərində çalışır

    Elm & Texnologiya
    09.11.2022
    Emil Nəcəfov
        Business Insider saytı Google şirkətinin planları ilə yaxından tanış olan 3 nəfər əməkdaşa istinadən xəbər verib ki, şirkət özünün Fitbit şöbəsi çərçivəsində 13 yaşa qədər olan uşaqlar üçün yeni daşınıla bilən cihaz üzərində çalışır. Məlumatda qeyd edilib ki, layihə Project Eleven kod adına sahibdir. Hazırlanan məhsul barəsində məlumat az olsa da Business Insider qeyd edib ki, cihazın əsas funksiyalarından biri də uşaqlarda smartfonlar və sosial şəbəkələrlə sağlam əlaqənin formalaşdırılması olacaq. Anonim qalmış Google əməkdaşlarından biri bildirib ki, hazırlanan cihazda həmçinin təhlükəsizlik funksiyaları da olacaq.
        Buna misal olaraq valideynlərin öz övladı ilə əlaqə yarada və onun yerini təyin edə bilmələrini gətirmək olar. Business Insider əlavə edib ki, Project Eleven adlı layihənin işə salınmasının əsas səbəblərindən biri Google şirkətinin daşınıla bilən cihazlar bazarında geridə qalmasıdır. Statistikaya əsasən keçən il üzrə bu sahədə Apple şirkətinin pay göstəricisi 30% təşkil edib. Hələ sentyabr ayında The New York Times xəbər vermişdi ki, valideynlərin çoxu öz övladlarına 5 yaşından Apple Watch smart saatlarını alırlar. Daha sonra valideynlər öz övladlarına iPhone smartfonlarını alırlar və beləliklə aşağı yaşdan insanlarda Apple şirkətinə loyallıq yaranır.
    Linki kopyala