Günəş işığını gecə Yerə əks etdirəcək ilk kosmik güzgü peyki üçün icazə verildi
Elm & Texnologiya
14.07.2026
Sevinj
ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) Kaliforniyada yerləşən Reflect Orbital şirkətinə gecə saatlarında Günəş işığını Yerə əks etdirməyi hədəfləyən ilk kosmik güzgü peykini orbitə buraxmaq üçün icazə verib. Eärendil-1 adlanan prototip peykin bu ilin sonuna qədər aşağı Yer orbitinə göndərilməsi planlaşdırılır. Peyk 18 metrlik reflektiv səth vasitəsilə Günəş işığını gecə vaxtı Yerin müəyyən nöqtələrinə yönəltməyə çalışacaq.
Layihə uğurlu olarsa, Reflect Orbital 2035-ci ilə qədər 50 min peykdən ibarət böyük bir peyk şəbəkəsi qurmağı planlaşdırır. Şirkətin məlumatına görə, bu sistem təxminən 5 kilometrlik ərazini işıqlandıra biləcək və sifariş əsasında ("on-demand") istifadə olunacaq. Şirkət hesab edir ki, texnologiya axtarış-xilasetmə əməliyyatları, kənd təsərrüfatı, günəş enerjisi layihələri və fövqəladə hallarda gecə işıqlandırılması kimi sahələrdə faydalı ola bilər. Məsələn, itkin şəxslərin daha sürətli tapılması və gecə tikinti işlərinin əlavə karbon emissiyası olmadan davam etdirilməsi mümkün ola bilər.
Bununla yanaşı, layihə elmi ictimaiyyət tərəfindən ciddi tənqid edilir. Astronomlar bildirirlər ki, kosmosdakı belə güzgülər teleskop müşahidələrini çətinləşdirə, işıq kirliliyini artıra və optik astronomiyaya mənfi təsir göstərə bilər. Həmçinin, süni işığın vəhşi təbiətin təbii ritmlərinə və aviasiya təhlükəsizliyinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da səsləndirilir.
Paylaş