Logo
    main-post-cover

    Hava nəqliyyatının elektrikləşməsinə yol açacaq yeni yanacaq elementi hazırlanıb

    Elm & Texnologiya
    03.06.2025
    Emil
         Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları yeni yanacaq elementi - hava-natrium batareyası konsepsiyasını təqdim ediblər. Prototipin özü isə sonradan hazırlanacaq. Bu batareya adi tikinti kərpici ölçüsündə olacaq və 1 kilovat-saatdan artıq enerji saxlaya biləcək. Enerjinin kütlə nisbətinə görə bu göstərici adi litium batareyalardan 3 dəfə yüksəkdir. Bu texnologiya regional elektrik aviasiyasının əsasını qoya və dünyanın daha təmiz olmasına töhfə verə bilər. Alimlərin yaratdıqları H-elementi iki kameradan ibarətdir və onlar bərk keramika elektroliti ilə ayrılıb. Sol kameraya maye halında olan metal natrium verilir (metal fazaya keçid temperaturu - 98 dərəcə Selsi), sağ kameraya isə adi hava daxil olur.
         Anodda natrium oksidləşərək elektronlarını dövrəyə verir (bu zaman elektrik cərəyanı yaranır), natrium ionları isə elektrolit vasitəsilə hava kamerasına keçir, burada oksigenlə reaksiyaya girir və nəticədə natrium oksidi əmələ gətirərək sistemdən xaric olunur. Natrium oksidi atmosferdəki karbon qazı ilə aktiv reaksiya verir və bir sıra kimyəvi çevrilmələrdən sonra adi yemək sodası olan bikarbonata çevrilir. Beləliklə, hava-natrium yanacaq elementi yalnız enerji istehsal etmir, eyni zamanda atmosferdəki CO2-ni bağlayır və okeanlara düşdükdə onların turşulaşmasını azaldaraq, həll olunmuş karbon qazının miqdarını aşağı salmağa kömək edir. Təklif olunan texnologiyanın ekologiya üçün dəyəri aydındır, baxmayaraq ki, bu ixtiranın kommersiyalaşmasına qədər yəqin ki, bir neçə onillik keçəcək.
         Layihənin rəhbəri fikirlərini belə bölüşüb: “Biz gözləyirik ki, insanlar bunu tamamilə dəli bir ideya kimi qarşılayacaq. Əgər belə düşünməsəydilər, bir az məyus olardım. Çünki insanlar bir şeyi ilk baxışdan tamamilə çılğın hesab etmirlərsə, çox güman ki, bu, heç də inqilabi bir şey deyil”. Tədqiqatçılar ilin sonuna qədər kərpic ölçüsündə və 1000 vatt-saat tutumuna malik bir enerji elementi prototipi yaratmağı planlaşdırırlar. Digər oxşar sistemlərdən fərqli olaraq, bu yenilik metal natriumla doldurulan dəyişdirilə bilən yanacaq blokunu nəzərdə tutur. Elementin əvvəlki gücü və enerjivermə müddətini bərpa etmək üçün sadəcə istifadə olunmuş bloku yenisi ilə əvəzləmək kifayət edəcək. Bu, adi sərnişin təyyarəsinin yanacaq doldurulmasına bənzəyəcək.
    Mənbə: New Atlas
    Paylaş