main-post-cover

    Həm gamerləri həm də kontent yaradıcılarını məmnun edəcək Acer Predator Triton 500 SE noutbuku (VİDEO)

    Elm & Texnologiya
    10.02.2023
    Farid Pardashunas
        Çox zaman istifadəçilər həm kompüter oyunlarını oynamaq həm də kontentlərin yaradılması imkanını verən noutbuk axtarışında olurlar. Bu məsələdə müxtəlif istehsalçılar fərqli çeşiddə məhsullar təqdim edirlər. Onların arasında məşhur noutbuk istehsalçısı olan Acer şirkəti də var. Bu şirkətin xüsusən Predator noutbuk seriyası alıcılar arasında çox məşhurdur. Əsasən də Predator seriyasının Triton adlı qolunu qeyd etmək lazımdır. Bu dəfə diqqətimiz 2022-ci il istehsalı olan Acer Predator Triton 500 SE noutbukundadır. Həm kompüter oyunları oynayanlar həm də müxtəlif növ kontentlər hazırlayan istifadəçilər üçün ən optimal variant ola biləcək bu noutbukun əsas özəlliklərinə nəzər yetirməkdə fayda var. İlk əvvəl noutbukun xarici görünüşü barəsində bəzi fikirləri səsləndirmək vacibdir. Acer Predator Triton 500 SE modeli halında o, digər istehsalçıların kompüter oyunları üçün nəzərdə tutulmuş noutbuklarının xarici görünüşlərindən tamamilə fərqlənir. Belə ki, Acer Predator Triton 500 SE minimalistik xarici görünüş əldə edib və ilk başdan onun oyun noutbuku olduğunu söyləmək çətindir. Çünki xarici görünüşcə o, standart ofis işlərinin görülməsi üçün nəzərdə tutulmuş noutbuku xatırladır.
        Əlavə olaraq istehsalçı qapaq üzərində RGB işıqlandırma sisteminə sahib orijinal Predator loqosundan da imtina edib. Onun yerinə noutbuk qapağında qrafit rəngli sadə Predator loqosu reallaşdırılıb. Buna baxmayaraq onun gövdəsi metaldan hazırlandığı üçün noutbuk əsl premium cihaz təəssüratını bağışlayır. Noutbukun gövdəsi metaldan hazırlansa da, ekran ətrafı çərçivələr plastik materialdan hazırlanıb. Oyun noutbuku olmasına baxmayaraq onun çəkisi 2.4 kq, qalınlığı isə 20 mm təşkil edir. Noutbukun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun qapağı 180 dərəcə açıla bilir. Bu isə öz növbəsində əsasən ultrabuklara xas olan bir özəllikdir. Xarici görünüşcə bu noutbuk oyun noutbuklarını xatırlatmasa da özündə onların demək olar hamısına xas olan bir özəlliyi birləşdirir. Söhbət, RGB işıqlandırma sisteminə sahib klaviaturadan gedir. Acer Predator Triton 500 SE modelinin klaviaturasının alt hissəsində 3 bölməli RGB işıqlandırma sistemi mövcuddur. RGB işıqlandırma sistemi Acer-in Predator Sense adlı tətbiqi vasitəsilə ayarlanır. Tətbiq vasitəsilə işıqların rənglərini dəyişmək və ya işıqlandırmanın dinamik ilə statik rejimləri arasında keçidlərini reallaşdırmaq olar. Klaviaturanın alt hissəsindəki touchpad şüşə materialdan hazırlanıb. Touchpadın yuxarı sol hissəsində barmaq izi skanı texnologiyası var.
        Klaviaturanın düymələrinə klikləmə hissi çox yumşaqdır. Lakin bununla belə bəzi düymələrə öyrəşmək lazım gələcək. Məsələn Ctrl, Enter Shift düymələrinin ölçüləri bir qədər kiçikdir. Həmçinin klaviaturada ayrıca rəqəmlərdən ibarət düymələr paneli mövcud deyil. Lakin klaviaturanın yuxarı sağ hissəsində multimedia düymələri yerləşdirilib. Predator Sense tətbiqini işə salan xüsusi düymə də həmin bölmədədir. Klaviatura üstəlik olaraq özündə Turbo düyməsini birləşdirir. Adından da bəlli olduğu kimi onun kliklənməsi halında noutbukun soyutma sistemini təşkil edən pərlər maksimal sürətlə fırlanmağa başlayırlar və noutbukun videokartı əlavə sürətlənməyə məruz qalır. Noutbuk olduqca kompakt ölçülüdür. Onun ekranı arxa qapağın 87%-ni əhatə edir. Acer Predator Triton 500 SE özündə 165 Hz-lik təsvir yenilənməsinə sahib QHD keyfiyyətli 16 düym IPS ekranı birləşdirir. Ekran 3 millisaniyə reaksiya müddətinə sahibdir. Bu isə kompüter oyunları oynayanlar üçün diqqət çəkən bir göstəricidir. Ekran 16:10 nisbətindədir və o, sRGB rəng mühitinin 99%-ni, Adobe RGB rəng mühitinin isə 68%-ni əhatə edir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Acer Predator Triton 500 SE noutbuku bir neçə prosessor variantında təqdim olunur. Lakin bizim, barəsində danışdığımız model Tiger Lake seriyasına daxil olan 11-ci nəsil Intel Core i7-11800H prosessoru ilə təchiz olunub. Sözügedən prosessorun standart çalışma tezliyi 2.3 GHz, maksimal çalışma tezliyi isə 4.6 GHz təşkil edir. Acer Predator Triton 500 SE-nin bu modelinə Intel UHD qrafik kartı və 8 GB-lıq GDDR6 yaddaşına sahib NVIDIA GeForce RTX 3070 videokartı quraşdırılıb. Digər texniki göstəricilər baxımından noutbuk DDR4 standartlı 16 GB RAM 1 TB-lıq SSD (PSI Express Generation 4) ilə təchiz olunub. Bu cür göstəricilərə sahib Acer Predator Triton 500 SE-nin testlərinə yuxarıda təqdim edilmiş video icmalda nəzər yetirə bilərsiniz. Hava kanalları üçün notebook-da böyük bir zona ayrılıb.
        Arxa hissəni təmamilə isti havanı çıxarmaq üçün istifadə edir, eləcə də sağ və sol kənarlarda da havanın rahat dövriyyəsi üçün çıxışlar var. Nəzərə almaq lazımdır ki, Acer Predator Triton 500 SE modeli də digər rəqibləri kimi soyutmanı yaxşı təmin etmək üçün prosessor üzərində liquid metaldan istifadə edir. Yəni söhbət, adi termopastadan yox, xüsusi maye metal örtükdən gedir. Portlara gəldikdə, noutbukda 2 ədəd USB 3.2 Gen 2 dəstəkli Type-A girişi və Tunderbolt 4, eyni zamanda DisplayPort dəstəkli 2 ədəd USB Type-C girişi, 3.5 mm-lik audiogiriş, 2.5G dəstəkli Ethernet girişi, SD kart HDMI girişləri var. Sonda qeyd etmək lazımdır ki, Acer Predator Triton 500 SE-yə 100 vatt saatlıq batareya quraşdırılıb. Nəzərə alsaq ki, noutbuk QHD keyfiyyətli ekran ilə təchiz olunub, bu, çox yaxşı batareya göstəricisidir. Noutbuk özündə həmçinin 230 vatt gücündə olan şarj adapterini də birləşdirir. Qiymət məsələsinə gəldikdə isə Acer Predator Triton 500 SE Azərbaycan bazarında 5200 manata satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər