
Hindistanda innovasiyalı natrium-ion batareya hazırlanıb
Elm & Texnologiya
20.05.2025
Emil
Ehtiyatları məhdud olan və hər yerdə tapılmayan litiumdan fərqli olaraq natrium həm ucuzdur, həm də əlçatandır. Bu isə natrium-ion batareyalarını xüsusilə Hindistan üçün maraqlı seçimə çevirir. Hindistan litiumu əsasən Avstraliya, Çili və Çindən idxal etdiyi üçün bu asılılıq problem yaradır. Hindistanlı alimlər yeni növ natrium-ion batareyası hazırlayıblar. Bu batareya cəmi 6 dəqiqəyə 80%-ə qədər enerji ilə doldurula bilir və digər natrium əsaslı batareyalara nisbətən daha uzunömürlüdür. Üstəlik, bu yeni batareya litium-ion batareyalarında yayılmış problemlərdən - yanğın riski və sürətli köhnəlmə - qorunmağa imkan verir. Qlobal miqyasda təbii yanacaqlardan qismən imtina tendensiyası getdikcə daha çox və daha keyfiyyətli batareyalara olan tələbatı artırır.

Hazırkı litium-ion batareyaları bu tələblərə tam cavab vermir. Onlar bahalıdır, partlayış riski daşıyır və nadir xammaldan asılıdır. Jawaharlal Nehru adına Qabaqcıl Elmi Tədqiqatlar Mərkəzinin alimləri isə natrium-ion batareyaları şəklində daha ucuz və təhlükəsiz alternativ tapdıqlarını bildiriblər. Onlar natrium, alüminium, vanadium, niobium və fosfor oksidindən ibarət xüsusi anod materialı hazırlayıblar və batareyanın effektivliyini 3 əsas yolla yaxşılaşdırmağa nail olublar. Birincisi, anod hissəciklərini nanoskopik ölçüsündə hazırlayıblar. İkincisi, hər bir hissəciyi nazik karbon təbəqəsi ilə örtüblər. Üçüncüsü, materiala az miqdarda alüminium əlavə ediblər.

Bu dəyişikliklər batareyanın daha sürətli enerji ilə dolmasına və vaxt keçdikcə daha təhlükəsiz işləməsinə şərait yaradıb. Batareyanın performansını yoxlamaq və təsdiqləmək üçün alimlər elektrokimyəvi çevrim testləri və kompüter modelləşdirməsi kimi qabaqcıl üsullardan istifadə ediblər. Nəticələr göstərib ki, bu batareya cəmi 6 dəqiqəyə 80% dolur və 3000 tam enerji doldurma dövrünü tutum itkisi olmadan davam etdirə bilir. Bu elmi irəliləyiş bir çox sahələrdə praktik tətbiqlərə malikdir. Natrium-ion batareyaları elektrikli avtomobilləri və dronları enerji ilə təmin edə, günəş və külək elektrik stansiyalarında enerji ehtiyatı kimi istifadə oluna bilər, habelə hələ də elektrik şəbəkəsinə qoşulmamış kənd evlərinə enerji çatdırılmasında rol oynaya bilər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
