
Huawei 14 nanometrlik prosessorların istehsalı prosesinə çox yaxındır
Elm & Texnologiya
29.03.2023
Emil
ABŞ sanksiyaları səbəbilə hətta Çindəki istehsalçılar belə Huawei şirkətinin prosessor istehsalı ilə bağlı sifarişlərini yerinə yetirə bilmirlər. Belə ki, həmin istehsalçılar istehsalat prosesində ABŞ texnologiyalarından istifadə edirlər. Buna görə də Huawei bu məsələdə əsas diqqətini daxili gücü hesabına prosessor istehsalına yönəldib. Bloomberg saytının verdiyi məlumata əsasən şirkət bu məsələdə artıq bəzi nailiyyətlər əldə edib. Huawei şirkətinin əsas məqsədi Çin daxilində fərdi prosessor istehsalını reallaşdırmaqdır.
Şirkət ABŞ sanksiyaları səbəbilə məhrum olduğu xarici məhsulların son 3 ildə 76 ədəd analoqunu hazırlayıb. Şirkətin növbəti hədəfi mikrosxemlərin yaradılması üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış layihələndirmə sisteminin hazırlanmasının yekunlaşdırılmasıdır. Bu sistemin testi bu il üçün planlaşdırılır. Bundan əlavə olaraq şirkət 14 nanometrlik prosessorların istehsalı üçün lazımi texniki bazanın yaradılması istiqamətində Çinin digər şirkətləri ilə də əməkdaşlıq edir.
Xarici texnologiyalar olmadan isə daha müasir texnoloji proseslər əsasında prosessorların istehsalı indiki vəziyyətdə şirkət üçün mümkün deyil. Lakin analitiklərin fikirlərinə əsasən hətta 14 nanometrlik prosessorların istehsalı da böyük uğur olacaq. Belə ki, o, Çində SMIC şirkətinin 7 nanometrlik prosessorlarından sonra ikinci yeri tutacaq. Keçən ilin sentyabr ayında Şanxay rəsmiləri bildirmişdilər ki, yerli şirkətlər artıq 14 nanometrlik prosessorları istehsal etməyi öyrəniblər və gələcəkdə onlar 5 nanometrlik prosessorlara keçidi hədəfləyiblər.
Paylaş
Bənzər xəbərlər