
Huawei gizli şəkildə öz prosessor istehsalı ekosistemini yaradır
Elm & Texnologiya
24.08.2023
Emil
Huawei 2019-cu ildə ABŞ sanksiyalarından zərər çəkmiş ilk Çin şirkətlərindən biri olmuşdu. ABŞ sanksiyaları səbəbilə şirkət TSMC ilə əməkdaşlıq imkanından məhrum oldu və nəticədə özünün Kirin prosessorlarının istehsalını dayandırdı. Verilmiş yeni məlumata əsasən şirkət hal hazırda dövlətin subsidiyalarından istifadə edərək öz istehsalat bazasını formalaşdırır və üstəlik bunu gizli şəkildə edir. Əsasən ABŞ-ın yarımkeçirici məhsullarını istehsal edənlərin maraqlarını qoruyan SIA adlı assosiasiyanın məlumatlarına istinadən Bloomberg saytı xəbər verib ki, Huawei hələ keçən il öz ehtiyacları üçün prosessor istehsalına start verib və bunun üçün Çin hökumətindən 30 milyard dollar dəyərində yardım əldə edib.
Hal hazırda Huawei prosessor istehsalı mövzusunda digər şirkətlərdən alınmış iki ədəd müəssisəyə sahibdir və üstəlik minimum üç yeni müəssisəni hazırlayır. Bu cür aktivliyin əsas özəlliyi ondan ibarətdir ki, Huawei tərəfindən əldə edilmiş müəssisələr digər şirkətlərin adları altında fəaliyyət göstərirlər və özlərinin Huawei ilə əlaqələrini açıqlamırlar. Huawei ABŞ sanksiyaları səbəbilə bilavasitə ala bilmədiyi prosessor istehsalı təchizatlarını bu cür sxem vasitəsilə əldə edə bilir. ABŞ-ın Maliyyə Nazirliyinin xüsusi şöbəsi Huawei-yə yardımda şübhəli bilinən bəzi Çin şirkətlərini artıq qara siyahıya əlavə edib. Həmin şirkətlər arasında Fujian Jinhua Integrated Circuit və Pengxinwei IC Manufacturing adlı şirkətlər var.
SIA-nın məlumatlarına əsasən hal hazırda Çində prosessor istehsalı ilə bağlı 23 yeni müəssisə inşa edilir və həmin müəssisələr 2030-cu ilə kimi ümumilikdə 100 milyard dollar investisiya tələb edəcəklər. Nəticədə bu onilliyin sonuna kimi Çin 28 nanometrdən tutmuş 45 nanometrə kimi olan prosessorların istehsalı mövzusunda dünya bazarının yarısını ələ keçirəcək. Huawei ilə əməkdaşlıqda şübhəli bilinən istehsalçı şirkətlərin müəssisələri Şençjen şəhərində yerləşirlər. Huawei şirkətinin baş ofisi də məhz bu şəhərdə yerləşir.
Həmin istehsalçı şirkətlərin bir hissəsindən Huawei fəaliyyətdə olan müəssisələri əldə edib. Digərlərinə isə şirkət yeni müəssisələrin inşa edilməsində yardımçı olur. Rəsmi məlumatlarda qeyd edilib ki, Fujian Jinhua və Qingdao Si’En adlı şirkətlərin nominal sahibləri yerli bələdiyyə orqanları ilə əlaqəli olan fondlardır. Analitiklərin fikirlərinə əsasən prosessor istehsalı mövzusunda yetəri qədər təcrübə toplayandan sonra Huawei öz gizli köməkçiləri ilə birgə hətta xarici təchizata ehtiyac duymadan da prosessor istehsalı bacarıqlarını inkişaf etdirə biləcəklər. Zamanında TSMC ilə Samsung da eyni yolla getdilər və nəticədə bu mövzuda Intel-i geridə qoydular.
Paylaş
Bənzər xəbərlər