
Huawei şirkəti MateBook E 2023 adlı yeni noutbuk modelini təqdim edib. Faktiki olaraq bu cihaz həm noutbuk həm də planşet rolunda çıxış edə bilər. Belə ki, onun klaviatura hissəsi gövdədən ayrıla bilir və ekranı sensorludur. Bununla yanaşı noutbuk özündə performanslı texniki özəllikləri, parlaq ekranı və təkmilləşdirilmiş audio sistemi birləşdirir. Beləliklə Huawei MateBook E 2023 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.8 düym sensorlu OLED ekran ilə təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Əlavə olaraq ekran özündə Huawei M-Pencil stilusunun dəstəyini birləşdirir və DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim edilib. Onlardan biri Intel Core i5-1230U, digəri isə Core i7-1260U prosessoru ilə təchiz olunub. Hər iki versiya Iris Xe Graphics G7 qrafikasına, 16 GB RAM-a və 1 TB SSD-yə sahibdir. Cihaz özündə həmçinin 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir.
Cihaz USB-C 3.2 Gen 1, USB-C Thunderbolt 4 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. MateBook E 2023 özündə 42 kilovatt saatlıq batareyanı birləşdirir. Lakin onun klaviaturasında da batareya mövcuddur və onun cihaza qoşulduğu zaman ümumi göstərici 52.8 kilovatt saat təşkil edir. Cihaz Windows 11 vasitəsilə çalışır. Huawei MateBook E 2023-ün Çində qiyməti 1072$-dan başlayır.