Huawei P30 və P30 Pro flaqman smartfonları barəsində yeni məlumatlar ortaya çıxdı

18.03.2019 0 PAYLAŞIM 185 OXUNMA

    Gələn həftə Huawei şirkəti Parisdə özünün yeni flaqman seriyası olan P30-u təqdim edəcək. Lakin artıq indidən internetdə sözügedən smartfon seriyasının texniki göstəriciləri və fotoları sızıdırılıb. Bu barədə Winfuture saytı xəbər verib. Beləliklə hər iki smartfon modeli (P30 və P30 Pro) ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə ilə təchiz olunacaq. P30 modeli 6.1 düym ekrana, P30 Pro isə 6.47 düym ekrana sahib olacaq. Bundan əlavə olaraq P30 Pro-nun kənar hissələri əyilmiş formada olacaq. Qeyd etmək lazımdır ki, yeni smartfon modellərində olacaq Super AMOLED ekranlar Samsung şirkəti tərəfindən istehsal edilib. Mate 20 Pro modelinin ekranları LG və BOE şirkətləri tərəfindən istehsal olunurdu. Lakin smartfon satışa çıxandan sonra istifadəçilər həmin ekranlardan şikayətlənirdilər. Görünür, məhz buna görə Huawei şirkəti öz seçimini Samsung üzərində saxlayıb.


    Məlumata əsasən P30 modeli ənənəvi 3.5 mm-lik audiogiriş ilə təchiz olunacağı bir vaxtda P30 Pro modelində həmin audiogiriş olmayacaq. Hər iki smartfonun gövdələri həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliklərinə sahib olacaqlar. Hər iki smartfon 8 nüvəli Kirin 980 prosessoru ilə təchiz olunacaq. Məlumata əsasən P30 modeli yalnız bir versiyada (6 GB RAM və 128 GB daxili yaddaş həcmi) təqdim olunacaq. P30 Pro isə 8 GB RAM ilə təchiz olunacaq və 128/256/512 GB daxili yaddaş həcminə sahib ola bilər. Batareya özəlliyinə gəldikdə isə P30 modeli 3650 mAh, P30 Pro modeli isə 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq batareyalar 40 vatt enerji qəbul etməyə qadir Supercharger sürətli enerji yığma texnologiyasına da sahib olacaqlar.


    Təbii ki, yeni smartfonlarda əsas diqqət kameralara ayrılıb. Hər iki modeldə standart 32 MP-lik ön kamera olacaq. Lakin smartfonların arxa kameraları fərqlənəcəklər. Belə ki, P30 modeli üçlü arxa kameraya sahib olacaq: 40 MP (f/1.8 diafraqmalı) + 16 MP (f/2.2) + 8 MP (f/.4 diafraqmalı). P30 Pro modeli isə dördlü arxa kameraya sahib olacaq: 40 MP (1.6 diafraqmalı) + 20 MP (2.2 diafraqmalı) + 8 MP (f/3.4 diafraqmalı) + 3D ToF. Bununla yanaşı P30 Pro-nun arxa kameraları onqat optik zoom özəlliyini də dəstəkləyəcəklər. Qeyd etmək lazımdır ki, yeni P30 seriyası 26 mart tarixində təqdim olunacaq.