main-post-cover

    Huawei şirkəti gizli şəkildə Şimali Koreya ilə əməkdaşlıqda şübhəli bilinir

    Elm & Texnologiya
    23.07.2019
    Farid Pardashunas
        Huawei şirkəti gizli şəkildə Şimali Koreyaya Koryolink adlı fərdi 3G şəbəkəsinin yaradılmasında və dəstəklənməsində yardımçı olub. Bunu The Washington Post saytına Huawei şirkətinin keçmiş əməkdaşları danışıblar. Bu barədə Rusbase saytı xəbər verib. Məlumata əsasən Huawei Çinin Panda International Information Technology adlı dövlət şirkəti vasitəsilə Şimali Koreya hökuməti ilə 3G şəbəkə layihəsi çərçivəsində əməkdaşlıq edib. Bu layihənin üzərində 8 il iş gedib.
        The Washington Post saytı bəzi müqavilələrin kopyalarını təqdim edib. Həmin müqavilələrə əsasən Panda International şirkəti Şimali Koreyanın CHEO Technology şirkətini Koryolink 3G şəbəkəsinin yaradılması üçün lazımi texnologiyalar ilə təchiz edib. CHEO Technology şirkəti isə Koreyanın poçt və telekommunikasiya dövlət korporasiyası ilə Orascom Telecom Holding şirkətinin birgə müəssisəsidir. Məlumata əsasən Huawei ilə Panda şirkətləri 2016-cı ildə ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalarının gücləndiriməsindən sonra Pxenyandakı ofislərindən ayrıldılar.
        Bu səbəbdən Şimali Koreyaya lazımi texnologiyaların təchizatının dayandırılması nəticəsində Koryolink 3G şəbəkəsi hələ də köhnə texnologiyalardan istifadə edir. Buna cavab olaraq Huawei şirkəti bildirib ki, o, Şimali Koreyada biznes ilə məşğul deyil. Lakin buna baxmayaraq şirkət keçmişdə Şimali Koreya ilə əməkdaşlıq edib-etməməsinə heç bir fikir bildirməyib. Bu cür bəyanat Huawei şirkətinə necə təsir edə bilər? ABŞ hökumətinin eksport qaydaları ABŞ komponentlərinin 10%-dən çoxunun istifadə olunduğu texnologiyaların sanksiyalar altına düşmüş ölkələrə verilməsi baxımından şirkətlərə qadağa qoyur.
        2014-cü ildə Şimali Koreya ilə əməkdaşlıqda şübhəli bilinmiş Panda International şirkəti ABŞ-ın ticarət nazirliyinin qara siyahısına əlavə edilmişdi. Sonradan həmin siyahıya həmçinin Huawei şirkəti də əlavə edildi. Belə ki, şirkət İran ilə əməkdaşlıqda şübhəli bilinmişdi. ABŞ-ın ticarət nazirliyi Huawei ilə Şimali Koreya arasında 2016-cı ildən bəri ola biləcək əməkdaşlıq məsələsini araşdırır. Lakin hələki bu işdə heç bir sübuta rast gəlməyib. Əgər bu məsələ öz təsdiqini tapsa və məlum olsa ki, şirkət həqiqətən də ABŞ qanunvericiliyini pozub, bu, şirkət ilə ABŞ hökuməti arasındakı gərginliyi daha da yüksəldəcək. Baxmayaraq ki, bir neçə müddət bundan öncə hər iki tərəf arasındakı münasibətlər yaxşılaşmağa başlamışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər