
Huawei şirkətinə 5G dəstəkli prosessorların satış qadağası aradan qaldırılmış ola bilər
Elm & Texnologiya
13.06.2023
Emil
Huawei şirkətinin öz son 5G dəstəkli smartfonlarını satışa çıxartmasından artıq 3 il ötür. 5G texnologiyasının dəstəyini sonuncu dəfə Mate 40 smartfonları əldə etmişdilər. Lakin daha sonra ABŞ hökuməti şirkətə qarşı sərt sanksiyalar tətbiq etdi. Nəticədə Huawei özünün Kirin prosessorlarını istehsal etmək imkanı ilə yanaşı digər istehsalçıların 5G dəstəkli prosessorlarından istifadə etmək imkanından da məhrum oldu. Bu səbəbdən də şirkət hal hazırda Qualcomm prosessorlarının 4G versiyalarını əldə etmət məcburiyyətindədir.
Bununla yanaşı şirkət öz alıcılarına 5G dəstəkli xüsusi smartfon keyslərini təqdim edir. Lakin bu ilin payız fəslində vəziyyət tamamilə dəyişə bilər. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış məlumata əsasən ABŞ hökuməti Huawei şirkətinə 5G dəstəkli prosessorların satış qadağasını aradan qaldırıb. Buna görə də yaxın aylar ərzində təqdim edilməsi gözlənilən Huawei Mate 60 smartfon seriyası Snapdragon 8 Gen 2 prosessorunun 5G versiyasını əldə edə bilər.
Bu məlumatın doğru olduğunu ehtimal etsək, şirkətin ABŞ hökuməti ilə necə razılığa gəldiyi tam aydın deyil. Bununla belə Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Huawei bu il üçün smartfon satışlarını 40 milyon ədəd satılmış cihaz göstəricisinə çatdırmaq kimi bir iddialı hədəfə sahibdir. 5G dəstəkli prosessorların satış qadağasının Huawei üzərindən qaldırılması məlumatının nə dərəcədə doğru olub-olmadığı yaxın zamanda bilinəcək.
Paylaş
Bənzər xəbərlər