main-post-cover

    Huawei şirkətinin yeni flaqman smartfonları P30 və P30 Pro

    Elm & Texnologiya
    27.03.2019
    Farid Pardashunas
        26 mart tarixində Parisdə keçirilmiş təqdimat tədbiri çərçivəsində Huawei şirkəti yeni flaqman smartfonlar olan P30P30 Pro modellərini təqdim etdi. Yeni smartfon modelləri güclü prosessor, sürətli enerji yığma özəllikli böyük həcmli batareyalar və demək olar ki, çərçivəsiz ekranlar əldə ediblər. Lakin şirkət yeni smartfonlarda əsas diqqəti onların kameralarına ayırıb. Belə ki, P30 Pro modeli şirkətin ilk 4 arxa kameralı smartfonu olub. Bundan əlavə olaraq o, onqat zoom özəlliyini də əldə edib. Bununla belə bu özəllik zamanı çəkilmiş fotoların keyfiyyətləri itmir. Xarici görünüşcə P30 və P30 Pro modelləri keçən ilki P seriyasının cihazlarından o qədər də fərqlənmirlər. Hər iki smartfon böyük ölçülü OLED ekran əldə edib və keçən ilki modellərdən fərqli olaraq onların ekran ətrafındakı çərçivələri daha nazikdirlər. P30 Pro-nun ekran özəlliklərindən biri də onun ekranının kənarlarının Mate 20 Pro modelindəki kimi əyilmiş formada olmasıdır. Bunun sayəsində də onun çərçivələrini maksimal dərəcədə nazikləşdirmək mümkün olub. Yeni smartfonların ön kameraları üçün adi çıxıntı hissə əvəzinə ekran üzərində damcı formalı çıxıntı hissə yerləşdirilib. Bundan əlavə olaraq hər iki smartfonun ekranına da barmaq izi skanı texnologiyası inteqrasiya edilib.

        Yeni smartfon modellərində şirkət əsas diqqəti kameralara ayırıb. Adi P30 modeli 3 arxa kamera əldə edib: Genişbucaqlı əsas obyektiv, 120 dərəcəlik bucaq təsvirli ultragenişbucaqlı əlavə obyektiv və optik zoom ilə çəkilişlərin aparılması üçün teleobyektiv. P30 Pro modeli də həmin kameralara sahibdir. Lakin onda bir əlavə kamera da var. Söhbət, ToF (Time of Flight) kameradan gedir. P30 Pro-da olan əlavə ToF kamera portret rejimində arxa fonun daha keyfiyyətli şəkildə bulanıq düşməsi və artırılmış reallıq ilə bağlı müxtəlif funksiyalar üçün nəzərdə tutulub. Beləliklə P30 modeli 4 arxa kameraya sahibdir. P30 Pro dünyanın ilk smartfonudur ki, beşqat optik zoom və onqat hibrid zoom özəlliklərinə sahibdir. Buna baxmayaraq həmin özəlliklər vasitəsilə edilmiş çəkilişlərin keyfiyyətləri itmir. Bununla yanaşı P30 Pro həmçinin 50 qat rəqəmsal zoom özəlliyini də dəstəkləyir. Şirkətin verdiyi məlumata əsasən onun sayəsində ştativdən istifadə etmədən 580 metr məsafədən keyfiyyətli fotolar çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, P30 Pro-nun əsas obyektivi və teleobyektivi təsvirin optik stabilizasiyası sistemini də əldə ediblər.

        P30 Pro-da SuperSpectrum adlı yeni 40 MP-lik sensordan istifadə edilir. O, əvvəlki modellərdən fərqli olaraq 40% daha çox işığı əhatə edə bilir. Keçən il şirkət foto çəkimi üçün gecə rejimini təqdim etmişdi. Bu il isə şirkət yetəri qədər işıqlandırılmamış mühitdə video çəkilişi özəlliyini daha da təkmilləşdirib. P30-un texniki göstəricilərinə gəldikdə smartfon 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran, 8 nüvəli Kirin 980 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 40 MP (f/1.8 diafraqmalı genişbucaqlı əsas obyektiv) + 16 MP (f/2.2 diafraqmalı və 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 22.5 vatt gücündə enerji qəbul etmə özəlliyinə sahib SuperCharge sürətli enerji yığma texnologiyalı 3650 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        P30 Pro modeli isə 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.47 düym OLED ekran, 8 nüvəli Kirin 980 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 40 MP (f/1.6 diafraqmalı genişbucaqlı əsas obyektiv, OIS) + 20 MP (f/2.2 diafraqmalı və 120 dərəcəlik bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 8 MP (f/3.4 diafraqmalı teleobyektiv, OIS) + ToF dördlü arxa kamera, 32 MP-lik ön kamera və 40 vatt gücündə enerji qəbul etmə özəlliyinə sahib SuperCharge sürətli enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareya (15 vatt gücündə enerji qəbul etmə özəlliklli naqilsiz enerji yığma texnologiyası dəstəkli) ilə təchiz olunub. hər iki smartfon modeli EMUI 9.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə P30 modeli 799 avro qiymətində, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib P30 Pro 999 avro qiymətində, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib P30 Pro 1099 avro qiymətində, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib P30 Pro isə 1249 avro qiymətində satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər