main-post-cover

    Huawei smart eynəyini və elektrokardioqrafiya funksiyalı smart saatını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    23.12.2021
    Farid Pardashunas
        Huawei şirkəti Smart Glasses adlı eynəyini və elektrokardioqrafiya funksiyasına sahib Watch D adlı smart saatını təqdim edib. Sözügedən smart eynək innovasiyalı ön panel konstruksiyası ilə diqqəti cəlb edir. Belə ki, smart eynəyin ön konstruksiyası dəyşdirilə biləndir. Şirkət seçim üçün 3 ədəd ön paneli təklif edir: Klassik, müasir Pilot və retro tərzdə olan dairəvi dizayn. Eynəyin ön paneli tamamilə dəyişdirilmə funksiyasına sahibdir və o, maqnit bərkidicilərə birləşdirilir. Eynəklər xüsusi ekranlara sahib deyillər. Eynək həmçinin sümük keçiriciliyi texnologiyası əsasında hazırlanmış səsgücləndiricilərə sahibdir. Sözügedən texnologiya sayəsində səs dalğaları vibrasiyalara çevrilirlər və həmin vibrasiyalar xarici qulaqdan yan keçərək birbaşa daxili qulağa ötürülür və nəticədə qulaq ilbizinin titrəyişi reallaşdırılır. 
        Huawei Smart Glasses-də bu texnologiya səsgücləndiricilərdən olan səslərin kənar şəxslər tərəfindən daha az eşitmələri üçün reallaşdırılıb. Smart eynəkdə həmçinin küləkdən qorunan 2 ədəd mikrofon da yerləşdirlib. Eynək səsli əmrlər və səsli köməkçilər ilə qarşılıqlı əlaqəni dəstəkləyir. Qeyd etmək lazımdır ki, bu, HarmonyOS əməliyyat sisteminə sahib ilk smart eynəkdir. Bunun sayəsində eynək eyni anda iki cihazın qoşulmasını və xüsusi düyməyə klikləməklə cihazlar arasında sürətli keçidi dəstəkləyir. İdarəetmə sisteminə gəldikdə isə eynəyin gövdəsində sensorlu elementlər mövcuddur. Huawei Smart Glasses istifadəçinin səhhətinin monitorinqini aparmaq özəlliyini özündə birləşdirir.
        Eynək istifadəçinin başının nə qədər müddət ərzində əyilmiş şəkildə qaldığını təyin edir, onurğa sütununun boyun hissəsinin vəziyyətini qiymətləndirir. Bu göstəricilər əsasında eynək insan səhhətinə ola biləcək risklər barəsində istifadəçiyə xəbərdarlıq edir. Bir dəfə şarj olunandan sonra smart eynək 16 saat ərzində çalışa bilir. 10 dədiqə ərzində şarj olunandan sonra isə smart eynək 80 dəqiqə musiqi dinləməni təmin edir. Bundan əlavə olaraq eynəyin gövdəsi IPX4 standartı üzrə nəmişlikdən qorunur. Bunun sayəsində eynəyi hətta yağışlı hava şəraitində də istifadə etmək olar. Huawei Smart Glasses-i artıq Çin bazarında ön sifariş etmək mümkündür. Optik linzalara sahib model 265$-a, Günəşdən qorunma üçün nəzərdə tutulmuş linzalara sahib model isə 299$-a satılacaq.
        İndi isə keçək Watch D adlı smart saata. Şirkətin verdiyi məlumata əsasən bu, özündə qan təzyiqi ilə elektrokardioqrafiya monitorinqini və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini birləşdirən ilk smart saatdır. Watch D-nin gövdəsi aviasiya sahəsində istifadə olunan alüminiumdan hazırlanıb. Qeyd etmək lazımdır ki, alüminiumun məhz bu versiyası yüksək dözümlülüyə sahibdir və cızıqlara daha dayanıqlıdır. Smart saat HD keyfiyyətində olan 1.64 düym düzbucaqlı ekran ilə təchiz olunub.
        Qan təzyiqinin yüksək dərəcədə dəqiqliklə ölçülməsi hesabına sözügedən smart saat Çinin Səhiyyə nazirliyi tərəfindən ikinci sinifə daxil olan tibbi əşya kimi təsdiqlənib. İnsan səhhətinin monitorinqi məsələsində smart saat əlavə olaraq elektrokardioqrafiya, ürək döyüntülərinin və qandakı oksigen miqdarının ölçülməsi sensorları ilə də təchiz olunub. Smart saat 70-dən çox idman rejimini dəstəkləyir. Bundan əlavə olaraq Watch D öz sahibi barəsində yığılmış məlumatları analiz edərək ona uyğun idman hərəkətlərini və pəhrizi məsləhət görür. Smart saat bir dəfə şarj olunandan sonra 7 gün ərzində çalışa bilər. Huawei Watch D 25 dekabr tarixində 469$ qiymətində satışa çıxacaq.
    Linki kopyala