
Huawei-yə görə Apple Vision Pro-nun Çində satışları mümkün olmaya bilər
Elm & Texnologiya
13.06.2023
Emil
Apple şirkətinin keçən həftə təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı gələn ilin əvvəlində ilk növbədə ABŞ-da satışa çıxacaq. Müəyyən müddətdən sonra isə cihaz digər regionlarda da alıcılara təqdim ediləcək. Lakin cihazın digər regionlarda satışa çıxması mərhələsində şirkət ciddi bir problemlə qarşılaşa bilər. Problem isə cihazın adı ilə bağlıdır. Məsələ burasındadır ki, Vision Pro əmtəə nişanına Çin bazarında Huawei şirkəti sahibdir. Huawei onu 4 il bundan öncə qeydiyyatdan keçirib. Bununla belə qeydiyyatdan keçirilmiş əmtəə nişanı Huawei üçün 10 il müddətinə aktivdir.
Yəni əmtəə nişanının qeydiyyatı şirkət üçün 2031-ci ildə aktuallığını itirəcək. Belə bir vəziyyət ortaya çıxır ki, əgər Apple bu məsələni Huawei ilə həll etməsə, o, Vision Pro-nu Çində satmaq imkanından məhrum olacaq. Apple üçün çıxış yolu kimi cihazın kiçik rebrendinqi ola bilər. Bunun sayəsində şirkət qarışıq reallıq cihazını fərqli ad altında Çində satışa çıxara bilər. Digər tərəfdən Apple Huawei ilə danışıqlar da apara bilər və əgər danışıqlar uğurlu olsa, cihaz öz standart adı ilə Çin bazarında satıla bilər. Üçüncü variant kimi şirkət Vision Pro-nun Çində satılmasından ümumiyyətlə imtina edə bilər. Lakin şirkətin bu varianta diqqət yetirmə ehtimalı çox kiçikdir.
Paylaş
Bənzər xəbərlər