İKTA internet operatorları ilə şəbəkələrin təhlükəsizliyini müzakirə edib
Elm & Texnologiya
29.06.2026
Farid
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin topdan satışı və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma ilə məşğul olan şirkətlərlə onlayn görüş keçirib. Görüşdə bazarda normativ uyğunluğun artırılması məsələləri müzakirə olunub.
Technote.az xəbər verir ki, görüşdə şəbəkələrin dayanıqlığının gücləndirilməsi, istehlakçı hüquqlarının müdafiəsi, kibertəhlükəsizlik tələblərinin icrası və telekommunikasiya infrastrukturunun inkişafı əsas müzakirə mövzuları olub. Qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin vacibliyi vurğulanıb.
İştirakçılara ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulma, topdansatış internet xidmətlərinin təqdim edilməsi və şəbəkələrin təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib. Bu sahədə tətbiq olunan tənzimləmə mexanizmləri də nəzərdən keçirilib.
Görüşdə bildirilib ki, topdansatış internet xidməti göstərən operatorlar ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmanın formalaşdırılmasında mühüm rol oynayırlar. Onların bağlantı təqdim etdikləri subyektlərin hüquqi uyğunluq və texniki hazırlıq səviyyəsinə diqqət yetirmələri vacib hesab olunub.
İKTA qeyd edib ki, ümumistifadəli şəbəkəyə nəzarətsiz və qeyri-şəffaf çıxış xidmət keyfiyyətinə, məsuliyyət bölgüsünə və son istifadəçi hüquqlarının qorunmasına mənfi təsir göstərə bilər. Bu səbəbdən məsuliyyətli qoşulma yanaşmasının və şəffaf provayderlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıları internet xidmətləri bazarında şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər. İKTA bu sahədə təhlillərin və institusional koordinasiya tədbirlərinin davam etdiriləcəyini açıqlayıb.
Paylaş