
İnsayderlər: 'Samsung 450 MP-lik mobil kamera sensoru üzərində çalışmış ola bilər'
Elm & Texnologiya
26.07.2022
Emil
Samsung şirkətinin portfoliosunda ISOCELL adı altında artıq 2 ədəd 200 MP-lik mobil kamera sensoru mövcuddur. Lakin məlumata əsasən şirkət yaxın zamanda mobil kamera sahəsində yeni rekorda imza ata bilər. Belə ki, Samsung şirkətinin bazardakı ən böyük piksel göstəricili kamera sensoru üzərində çalışdığını əks etdirən sənəd internetdə ortaya çıxıb. Bu cür məlumatların ortaya çıxmalarına əsas səbəb isə şirkətin Koreya və Avropada Hexa2pixel adlı yeni ticarət nişanını qeydiyyatdan keçirtməsi olub. Sənəddə konkret məhsul və onun göstəricisi barəsində məlumat əks olunmayıb. Lakin GalaxyClub adlı saytın verdiyi məlumata əsasən söhbət, yeni nəsil binning texnologiyasından gedir.

Qeyd etmək lazımdır ki, binning texnologiyası qonşu piksellərin birləşməsi hesabına kamera matrisasının işıq həssaslığını yüksəltmək üçün nəzərdə tutulub. Məsələn Samsung-un hal hazırda mövcud olan ISOCELL HP1 adlı 200 MP-lik mobil kamera sensoru qonşu pikselləri 2x2 və ya 4x4 sxemi (Tetra2pixel) üzrə birləşdirərək 50 MP-lik rejimə keçid edə bilir. Hexa2pixel ticarət nişanı isə öz növbəsində çox güman ki, 6x6 sxemi üzrə 32 MP-lik rejimə keçid edən bu cür texnologiya üçün qeydiyyatdan keçirilib. Bu halda kamera sensorunun maksimal piksel göstəricisi nəzəri olaraq 450 MP təşkil edə bilər. Samsung rəsmi şəkildə bu cür kamera sensoru üzərində çalışdığı barəsində heç bir məlumat verməyib. Buna görə də ortaya çıxmış bu fərziyyələrə bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
