James Webb daha bir rekorda imza atdı
Elm & Texnologiya
07.07.2026
Sevinj
NASA James Webb Space Telescope-un fəaliyyətə başlamasının dördüncü ildönümü münasibətilə indiyədək əldə edilən ən detallı Centaurus A görüntülərini yayımlayıb. Yeni şəkillər alimlərə qalaktikaların və superkütləvi qara dəliklərin birlikdə necə inkişaf etdiyini daha yaxşı anlamağa kömək edəcək.
Yer kürəsindən təxminən 11 milyon işıq ili uzaqlığında yerləşən Centaurus A yaxın qalaktikalar arasında ən aktiv obyektlərdən biri hesab olunur. Qalaktikanın mərkəzində yerləşən superkütləvi qara dəlik ətrafındakı maddələri özünə çəkərək nəhəng miqdarda enerji buraxır. Bundan əlavə, təxminən 2 milyard il əvvəl başqa bir qalaktika ilə toqquşma onun qeyri-adi quruluş qazanmasına səbəb olub.
Əvvəlki illərdə Hubble Space Telescope və Spitzer Space Telescope Centaurus A-nı müşahidə etsə də, qalaktikanı örtən qalın toz təbəqələri səbəbindən onun bütün detallarını göstərmək mümkün olmamışdı. Hubble görünən işıqda məhdudiyyətlərlə üzləşib, Spitzer isə yalnız iri strukturları görüntüləyə bilib. James Webb teleskopunun MIRI (Orta İnfraqırmızı Alət) sistemi isə ilk dəfə olaraq qalaktikanın tozla zəngin bölgələrini və ayrı-ayrı ulduzları yüksək dəqiqliklə qeydə alıb. Şəkildə görünən qırmızı və bənövşəyi nöqtələr yeni ulduzların yarandığı və yaşlı ulduzların maddə yaydığı bölgələri əks etdirir.
Paylaş