
2020-ci ildə ABŞ-ın sərt sanksiyaları səbəbilə ABŞ texnologiyalarından məhrum olmuş Huawei şirkəti Samsung və TSMC şirkətlərindən Kirin prosessorlarının istehsalını sifariş etmək imkanını da itirdi. Bu illər ərzində şirkət öz smartfonlarını yalnız Qualcomm-un 4G dəstəkli prosessorları ilə təchiz etməli oldu. Lakin keçən həftə şirkət Mate 60 və Mate 60 Pro smartfonlarını təqdim etməklə hamını təccübləndirməyi bacardı. Belə ki, sözügedən smartfonlar Kirin 9000s prosessoru vasitəsilə çalışırlar və onlar 5G dəstəyinə sahibdirlər.
Cənubi Koreyadan olan jurnalistlər Kirin 9000s-in komponentlərini analiz edərək belə qənaətə gəliblər ki, Samsung-dan fərqli olaraq Huawei-yə bu prosessorun istehsalı 100 dəfə daha baha başa gəlir. Qeyd etmək lazımdır ki, söhbət, 7 nanometrlik texnoloji proses əsasında istehsal edilən prosessordan gedir. Bu cür prosessorlar 2018-2019-cu illərdə aktual idilər. İndi isə istehsalçılar artıq 3 nanometrlik texnoloji proses əsasında istehsal edilən prosessorlara keçid etməyə hazırlaşırlar. Aydın məsələdir ki, bu cür prosessorun istehsalı digər rəqiblərin təklif etdikləri məhsullar ilə müqayisədə heç də sərfəli deyil. Lakin çox güman ki, bu mövzuda Çin hökumətinin bilavasitə yardımı rol oynayır.