Kosmik lift konsepti sınaqdan keçiriləcək

11.09.2018 0 PAYLAŞIM 374 OXUNMA

Yaponiyanın Obayashi şirkəti bir neçə il öncə, cari yüzilliyin ortasında 36 000 kilometr hündürlüyə yük daşıyan lift hazırlayacağını elan etmişdi.

Technote.az xarici mediaya istinadən bildirir ki, bu yaxınlarda məlum olub ki, yapon alimləri kosmik liftin konseptini sınaqdan keçirmək niyyətindədirlər. Söhbət hələ ki, miniatür modeldən gedir.

Sentyabrın 11-də iki mikropeyk buraxılacaq. Mikropeyklər motorla təchiz edilən konteynerin (bir növ lift) hərəkət edəcəyi 10 metrlik polad kabel ilə bağlanacaq, peyklərdə qurulmuş kameralar isə prosesi izləyəcək.

“Gələcəkdə kosmik səyahətlər populyarlıq qazana bilər”, – bu sınaqları həyata keçirən tədqiqat qrupunun rəhbəri Yoci İsikava qeyd edib. Əlbəttə, hələ ki, konsept ilkin mərhələsindədir: nə vaxtsa Yer kürəsini orbitdəki stansiya ilə birləşdirən kosmik lifti reallaşdırmaq üçün alimlər çox sayda amili nəzərə almalı və bir çox problemlərin (məsələn, kabelin meteoritlərin mümkün zədələrindən qorunması üsulunun tapılması) həllini tapmalıdır.