Logo
    main-post-cover

    Kosmosun dərinliklərindən gəlmiş "Wow" adlı müəmmalı radio siqnalın mənşəyinin izahı verilib

    Elm & Texnologiya
    21.08.2024
    Emil
         Alimlər 1977-ci ildə kosmosun dərinliklərindən gəlmiş “Wow” adlı radio siqnalın mənbəyini artıq 47 ildir ki, təyin etməyə çalışırlar. Alimlərin bəziləri hesab edirlər ki, 1977-ci ildən indiyənə kimi təkrarlanmamış bu radio siqnal yadplanetli sivilizasiya tərəfindən göndərilib, bəziləri isə hesab edirlər ki, sözügedən radio siqnal təbii mənşəyə sahibdir. Aparılmış yeni tədqiqatın müəllifləri daha çox ikinci varianta üstünlük veriblər. Bununla belə onların irəli sürmüş olduqları fərziyyəyə əsasən “Wow” adlı radio siqnalın mənbəyi təbii mənşəyə sahib güclü kosmik lazer olub. Astronom Jerry Ehman 15 avqust 1977-ci il tarixində Ohayo Milli Universitetinin radioteleskopu tərəfindən əldə edilmiş məlumatlarda kosmosun dərinliklərindən gəlmiş müəmmalı radio siqnalı təyin etmişdi.
        Siqnalın mənbəyini dəqiq şəkildə təyin etmək mümkün olmamışdı. Lakin onun özəllikləri potensial yadplanetli sivilizasiya tərəfindən göndərilə biləcək siqnalın özəlliklərinə bənzəyirdi. Astronom öz növbəsində siqnal yazısını çap etmişdi və çap edilmiş vərəq bilinən simvollardan təşkil edilmişdi. Jerry Ehman sözügedən siqnalın yadplanetli sivilizasiyadan ilk mesaj ola biləcəyini güman edərək çap edilmiş vərəqin üzərində “Wow” sözünü yazmışdı. Beləliklə artıq 47 ildir ki, bu müəmmalı radio siqnal “Wow” adı ilə tanınır. Kosmosun dərinliklərindən gəlmiş “Wow” siqnalı cəmi 72 saniyə ərzində davam edib və hidrogen şüalanması kimi 1420 MHz tezliyə sahib olub.
         Kainatda hidrogenin hər yerdə olduğunu nəzərə alaraq alimlər belə bir fikir irəli sürmüşdülər ki, bu tezlikdə işıq elektromaqnit spektrində yaxşı istiqamətləndirici rolunu oynaya bilər və yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiya elektromaqnit spektrini ünsiyyət üçün istifadə etmiş ola bilər. Lakin aparılmış yeni tədqiqatın müəllifləri bildiriblər ki, bu siqnalın yadplanetli sivilizasiyadan gəlməməsi ehtimalını dəqiqləşdirən faktor ondan ibarətdir ki, siqnal təkrarlanmayıb. Ünsiyyət qurmaq istəyən hər hansısa yadplanetli sivilizasiya mütləq şəkildə siqnalı təkrarlamalı idi.
         Bundan əlavə olaraq kosmosda çoxlu sayda obyekt 1420 MHz tezlikdə radio siqnallar göndərə bilir. Mütəxəssislər “Wow” adlı məşhur radio siqnalın süni deyil, təbii mənbəyə sahib versiyasını izah etməyə çalışıblar. Bunun üçün onlar radioteleskopların məlumatlarında tezlik üzrə “Wow” siqnalına bənzər qısamüddətli radio dalğaları axtarıblar. Nəticədə onlar 4 oxşar radio siqnalı aşkar ediblər. Tapılmış 4 oxşar radio siqnal Yer kürəsindən 12.5 işıq ili uzaqlığında yerləşən qırmızı cırtdanın (kiçik və nisbətən soyuq olan ulduz) ətraf sahəsindən gəlib.
         Alimlər belə qənaətə gəliblər ki, bu siqnallar ulduzlararası soyuq hidrogen buludları ilə əlaqəlidirlər. Belə olduğu halda “Wow” siqnalı hidrogendən keçərək onun 1420 MHz tezlikdə radio dalğalar formalaşdırmasına təkan vermiş güclü şüalanma olub. Mütəxəssislər bildiriblər ki, güclü şüalanma qırmızı cırtdan tərəfindən formalaşmış ola bilməz. Buna görə də güclü şüalanmanın mənbəyi çox güman ki, güclü maqnit sahəsinə sahib neytron ulduza məxsusdur. Hesab edilir ki, bu ulduzlar qısamüddətli müəmmalı radio siqnallar ifraz edə bilirlər. Alimlər tərəfindən irəli sürülmüş bu fərziyyə “Wow” siqnalının mənşəyini yaxşı şəkildə izah etməklə yanaşı həmçinin sözügedən siqnalın nəyə görə yalnız bir dəfə göndərildiyini ortaya qoyur. 
    Paylaş
    Bənzər xəbərlər