Logo
    main-post-cover

    Kvant dünyası ilə Eynşteyn qanunlarını birləşdirməyin potensial üsulu tapılıb

    Elm & Texnologiya
    06.05.2025
    Emil
         Alimlər elementar zərrəciklər fizikasının Standart modeli ilə uyğun gələn şəkildə cazibə qüvvəsini izah edən yeni kvant cazibə nəzəriyyəsi yaradıblar. Bu, kainatın necə başladığını daha yaxşı anlamağa yol açır. Nəhayət, təbiətin cazibə qüvvəsini elektromaqnit, güclü və zəif qarşılıqlı təsirlər kimi digər 3 qüvvə ilə birləşdirən “hər şeyin nəzəriyyəsi” adlanan yanaşma reallığa daha da yaxınlaşıb. Alimlərin yaratdıqları yeni kvant cazibə nəzəriyyəsi fizikanın uyğunsuz əsaslarını - cazibə qüvvəsini izah edən Albert Eynştey-nin ümumi nisbilik nəzəriyyəsi ilə kvant dünyasını izah edən kvant nəzəriyyəsini birləşdirməyə kömək edəcək. Son onilliklərin əsas məqsədlərindən biri məhz bu “hər şeyin nəzəriyyəsi”ni və ya tam kvant cazibə nəzəriyyəsini yaratmaqdır.
         Bu nəzəriyyə nəhayət ki, qara dəliklərin daxilindəki singulyarlığa və kainatı yaradan Böyük partlayışın mahiyyətinə izah gətirməlidir. O, təbiətin 4 əsas qüvvəsini birlikdə izah edərək, kainatın fizikasını tam şəkildə anlamağa imkan verməlidir, çünki hələ də bir çox sual cavabsız qalır. Fiziklər üçün yeni cazibə nəzəriyyəsinin yaradılmasında əsas məqam cazibə qüvvəsini uyğun bir kalibrləmə nəzəriyyəsində necə təsvir etməyin yolunu tapmaq idi. Kalibrləmə nəzəriyyəsi - hissəciklərin bir-biri ilə sahə vasitəsilə qarşılıqlı təsir göstərdikləri bir nəzəriyyə növüdür. Alimlərin sözlərinə görə, ən məşhur kalibrləmə sahəsi elektromaqnit sahəsidir. Yüklü hissəciklər bir-biri ilə qarşılıqlı təsirə girdikdə, bu təsir onların arasında olan və müvafiq kalibrləmə sahəsi olan elektromaqnit sahəsi vasitəsilə baş verir.
         Əgər hissəciklərin enerjisi varsa, və yalnız enerjiyə sahib olduqları üçün qarşılıqlı təsirə girirlərsə, bu təsirlər cazibə sahəsi vasitəsilə baş verəcək. Fiziklərin əsas məqsədlərindən biri cazibə qüvvəsi üçün elə bir kalibrləmə nəzəriyyəsi tapmaqdır ki, bu, təbiətin digər 3 qüvvəsini izah edən kalibrləmə nəzəriyyələri ilə uyğun gəlsin. Elementar zərrəciklər fizikasının Standart modeli bu 3 qüvvəni təsvir edən kalibrləmə nəzəriyyəsidir və müəyyən simmetriyalara malikdir. Tədqiqatın müəlliflərinin sözlərinə görə, əsas ideya - cazibə qüvvəsi üçün elə bir kalibrləmə nəzəriyyəsi qurmaqdır ki, onun simmetriyası elementar zərrəciklər fizikasının Standart modelindəki simmetriyaya bənzər olsun.
         Bu yanaşma, ümumi nisbilik nəzəriyyəsindəki fərqli fəza-zaman simmetriyası əsasında nəzəriyyə qurmaqdan fərqlidir. Belə bir nəzəriyyə olmadan fiziklər kvant nəzəriyyəsi ilə Albert Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsini uzlaşdıra bilmirlər. Kvant nəzəriyyəsi subatom hissəciklərinin dünyasını izah edir, Eynşteyn-in nəzəriyyəsi isə daha böyük obyektləri və onların cazibə qarşılıqlı təsirini təsvir edir. Hər iki nəzəriyyə kainatı öz baxış bucağından uğurla izah edir, lakin bir-biri ilə uyğun gəlmir. Alimlər bildirirlər ki, cazibənin kvant nəzəriyyəsi - kvant cazibə nəzəriyyəsi, cazibə sahəsi və yüksək enerji olan hallarda baş verən hadisələri anlamaq üçün zəruridir.
         Belə şərtlər qara dəliklərin daxilində və kainatın tarixinin başlanğıcında, Böyük partlayışdan dərhal sonra mövcud olub. Qara dəliklərin daxilində və kainatın yaranmasının ilk anlarında müasir fizika qanunları keçərli deyil və bu vəziyyətləri izah etmək üçün “hər şeyin nəzəriyyəsi” lazımdır. Alimlər bildirirlər ki, onlar simmetriya əsasında cazibə qüvvəsinin yeni nəzəriyyəsinə yanaşma kəşf ediblər və bu ideyanı inkişaf etdirməyə başlayıblar. Alınan nəzəriyyə “hər şeyin nəzəriyyəsi”nin yaradılması üçün böyük potensiala malikdir. Hərçənd yeni cazibə nəzəriyyəsi ümidverici görünür, fiziklər onun hələ tam sübut edilmədiyini qeyd edirlər.
    Mənbə: Sci.news
    Paylaş