main-post-cover

    Lüksemburq dünyada ilk dəfə özünün bütün ictimai nəqliyyat növlərini pulsuz edəcək

    Elm & Texnologiya
    09.12.2018
    Emil Nəcəfov
        2019-cu ildə Avropanın bu kiçik ölkəsinin hökuməti bütün qatarlarda, tramvaylarda və avtobuslarda ödənişi ləğv edəcək, 2020-ci ildə isə bütün səyahət ödəniş sənədlərini aradan qaldıracaq. Bu üsulla hökumət yollarda yaranan tıxac problemini aradan qaldırmağı və havanın çirklənmə səviyyəsini aşağı salmağı istəyir. İctimai nəqliyyat vasitələrində gedişə görə ödənişlərin ləğv edilməsi təklifini Lüksemburqun baş naziri Xavier Bettel verib. Beləliklə bütün qatarlarda, tramvaylarda və avtobuslarda gediş tarifləri gələn ilin yay fəslində ləğv ediləcək. The Guardian saytının verdiyi məlumata əsasən istisna olaraq birinci və ikinci sinif qatarlarda gedişlərin ödəniş tarifləri qala bilər. Lakin onlar barəsində də hələki yekun qərar verilməyib.
        Lüksemburqda 560.000 insan yaşayır. Lakin hər bir vətəndaşın payına düşən avtomobil statistikasına görə Lüksemburq bir çox qonşu dövlətləri üstələyir. Məlumata əsasən Lüksemburqun 1000 vətəndaşının payına 662 ədəd avtomobil düşür. Bu isə ABŞ-ın göstəricisindən bir qədər geridə qalır. Lakin onu da qeyd etmək etmək lazımdır ki, Lüksemburqa hər gün qonşu ölkələr olan Belçika, Fransa və Almaniyadan çalışmaq üçün 200.000 insan gəlir. Bir çoxlarını burda olan yüksək maaş göstəricisi maraqlandırır. Belə ki, Fransa ilə müqayisədə Lüksemburqda maaş göstəricisi 40% yüksəkdir. Ölkənin eyniadlı paytaxtında 110.000 insan yaşayır. Lakin hər gün ora çalışmaq üçün gələnlərin sayı 4 dəfə çoxdur. Bu səbəbdən yollarda həmişə tıxac problemləri yaşanır və hətta qısa məsafəli səyahətlər də uzunmüddətli ola bilirlər.
        Təkcə 2016-cı ildə Lüksemburq vətəndaşları ümumilikdə tıxaclarda 33 saat vaxt keçirdiblər. Tıxaclarda qalmamaq üçün sürücülər çox zaman sıx kənd küçələri vasitəsilə getməli olurdular. Bu isə yerli sakinlərdə təəccüb hissi yaradırdı. Bu səbəbdən pik vaxtlarda sərhəd yollarından biri bir neçə saatlıq bağlanmağa başlandı. Lüksemburq artıq birinci il deyil ki, avtomobil sahiblərini ictimai nəqliyyat növlərinə keçirməyə çalışır. Bu ilin yay fəslində hökumət bütün ictimai nəqliyyat vasitələrini uşaqlar və 20 yaşına kimi olan gənclər üçün pulsuz etdi.
        Məktəb şagirdlərini isə xüsusi avtobuslar daşıyırlar və onlar da pulsuzdurlar. Həmçinin ictimai nəqliyyat biletləri də ucuz qiymətə təqdim edilir. Məsələn 2 saat vaxt aparan bir gediş üçün vətəndaş biletə 2 avro pul ödəməli olur. Nəzərə alsaq ki, bütün ölkə 2600 kvadrat kilometr ərazini əhatə edir, bütün Lüksemburqu 2 saat ərzində keçmək olar. Avropanın bəzi şəhərləri yalnız bəzi saatlarda ictimai nəqliyyat vasitəsilə pulsuz gedişi təklif edirlər. Pensionerlər və işsizlər üçün isə bəzi güzəştlər edilir. Lakin heç bir ölkə indiyənə kimi öz ərazisində ictimai nəqliyyat növünü tamamilə pulsuz formata keçirtməyib.
    Linki kopyala