Marshall Motif II ANC naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
31.08.2023
Emil
Marshall şirkəti Motif II ANC adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlıq bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışması və sürətli şarj texnologiyasının dəstəyi ilə seçilir. Motif II ANC 6 mm-lik səsgücləndiricilər ilə təchiz olunublar. İdarəetmə prosesi qulaqlıqların gövdələrində olan sensorlu panellər vasitəsilə həyata keçirilir. Marshall-ın yeni naqilsiz qulaqlığı ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdir.
Şirkətin verdiyi məlumata əsasən sözügedən funksiyanın aktiv olduğu halda şarj keysi ilə birgə qulaqlıqlar 30 saat ərzində çalışa bilirlər. Ətraf səs-küyün boğulması funksiyasının deaktiv olduğu halda isə bu göstərici 43 saat təşkil edir. Şarj keysi 100% enerjini 90 dəqiqə ərzində yığır. Qulaqlıqların 2 saat ərzində çalışmaları üçün isə onların 15 dəqiqə şarj olunmaları kifayət edir. Smartfona qoşulmaq üçün yeni naqilsiz qulaqlıq Bluetooth 5.3 texnologiyasından istifadə edir. Qulaqlıqların gövdələri həmçinin IPX5, şarj keysinin gövdəsi isə IPX4 standartı üzrə sudan qorunur. Marshall Motif II ANC 12 sentyabr tarixində 200$ qiymətində satışa çıxacaq.