main-post-cover

    'Mercedes-Benz', mükəmməl dizayna sahib Mecedes-Maybach 6 Cabriolet adlı lüks elektrik avtomobilini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    21.08.2017
    Emil Nəcəfov

    Monterey Car Week adlı tədbir çərçivəsində “Mercedes-Benz” şirkəti hal hazırda olan elektromobillər arasında bəlkə də ən möhtəşəm dizayna sahib öz elektrik avtomobilini təqdim etdi.

    Şirkətin təqdim etdiyi Mercedes-Maybach 6 Cabriolet adlı elektromobil, 1930-cu illərin art-deko dəbi ilə yüksək texnologiyaların birləşməsini əks etdirir. Bu avtomobilin dizaynerləri, yaxtalardan ilhamlanaraq elektromobilin arxa hissəsini sanki qayıq quyruğu tərzində hazırlayıblar. Avtomobilin uzunluğu 6 metrdir. Bu isə o deməkdir ki, avtomobili park etmək cəhətdən bəzi problemlər yaşana bilər. Mercedes-Maybach 6 Cabriolet, 4 kompakt sinxron elektromühərrik ilə təchiz olunub. Yastı enerji batareyası isə avtomobilin bünövrəsində yerləşir. Şirkətin məlumatına əsasən sözügedən batareya, sürətli enerji yığma özəlliyinə sahibdir. Belə ki, 100 km yol qətt etmək üçün batareyanı 5 dəqiqə ərzində enerji ilə təmin etmək kifayət edəcək.

    Gələcəyin avtomobil tendensiyasına uyğun olaraq bu kabrioletin daxilində hər şey sensorludur. Səsli köməkçilər sürücüyə harda olması, zaman və yoldakı vəziyyət haqqında məlumatlar verəcək. İnformasiya həmçinin ön şüşənin üzərində də əks olunacaq. Ön paneldə yerləşdirilmiş və parlayan göy rəngli naqillər, avtomobilin enerji tutumunu əks etdirir. Analoq indikatorlu rəqəmsal panel isə keçən əsrə işarə edən dizaynı xatırladır. Mercedes-Maybach 6 Cabriolet-in mühərriki 750 at gücündədir və saatda 100 km sürəti yığmaq üçün avtomobilə 4 saniyə vaxt lazım olur. Tam enerji vəziyyətində avtomobil, 500 km yol qətt etmə özəlliyinə sahibdir. Bu yeni avtomobilin satışa çıxma tarixi və qiyməti barəsində hələki heç bir məlumat yoxdur.

    Linki kopyala