main-post-cover

    Məşhur analitik Apple şirkətinin bu ilki məhsulları barəsində proqnozlarını verib

    Elm & Texnologiya
    18.02.2019
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo investorlara Apple şirkətinin 2019-cu il üçün olacaq məhsulları barəsində proqnozlarını verib. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə məşhur analitikin proqnozlarına əsasən şirkət bu il yeni iPad modellərini, 16 düym ekrana sahib MacBook Pro modelini, 36 düym ekrana sahib 6K ekranını və s. məhsulları təqdim edəcək. İlk olaraq analitik qeyd edib ki, bu ilki iPhone modelləri iPhone XSiPhone XR modellərinin ölçülərinə sahib olacaqlar. Bu isə o deməkdir ki, bu ilki iPhone modelləri 6.5 düym, 6.1 düym və 5.8 düym ekran ölçülərinə sahib olacaqlar.
        Analitik güman edir ki, hər 3 iPhone modeli USB-C girişi ilə deyil Lightning girişi ilə təchiz olunacaq. Onun verdiyi məlumata əsasən bu ilki iPhone modelləri həmçinin şüşə materialdan hazırlanmış gövdəyə, naqilsiz şarj texnologiyasına (bu ilki iPhone-lar bu texnologiya ilə digər cihazları da şarj edə biləcəklər), təkmilləşdirilmiş Face ID texnologiyasına, böyük batareya həcminə və üç linzalı kamera modullarına sahib olacaqlar. Analitik həmçinin güman edir ki, bu il təkmilləşdirilmiş prosessorlara sahib yeni iPad Pro modelləri işıq üzü görəcəklər.

        Yaz fəslində 9.7 düym ekrana sahib iPad modelinin davamçısı olacaq 10.2 düym ekranlı iPad modelinin təqdimatı gözlənilir. 10.2 düym ekran ölçüsü sayəsində iPad ekranının ətraf çərçivələri bir qədər nazik olacaqlar. Analitik həmçinin yenilənmiş texniki göstəricilərə sahib olacaq yeni iPad Mini modelinin də çıxacağını təsdiqləyib. Analitikin sözlərinə əsasən bu il Apple şirkəti 16 və 16.5 düym ekranlara sahib MacBook modellərini təqdim edəcək. Məlumata əsasən onlar tamamilə yeni dizayna sahib olacaqlar. Bu ilki təqdimat tədbirlərindən birində şirkət yeni MacBook Pro modelini təqdim edəcək və hal hazırda satışda olan 13 düym ekranlı MacBook Pro modelinin 32 GB RAM göstəricili versiyasını anons edəcək.
        Qeyd etmək lazımdır ki, hal hazırki 13 düym ekranlı MacBook Pro modeli 16 GB RAM, 15 düym ekranlı MacBook Pro modeli isə 32 GB RAM ilə təchiz olunur. Bundan əlavə olaraq şirkət 6K keyfiyyətli 31.6 düym ekranını təqdim etməklə xarici ekranlar bazarına geri qayıdacaq. Bundan əlavə olaraq analitik qeyd edib ki, yeni Apple Watch smart saat modeli keramik materialdan hazırlanmış gövdəyə sahib olacaq. Analitik həmçinin AirPods 2 naqilsiz qulaqlıqlarının, AirPower şarj stansiyasının və yenilənmiş texniki özəlliklərə sahib olacaq yeni iPod Touch modelinin 2019-cu ilin birinci yarısında satışa çıxacaqları məlumatını da təsdiqləyib. Beləliklə sadəcə olaraq yaz fəslində Apple şirkətinin baş tutacaq təqdimat tədbirini gözləmək lazımdır.
    Linki kopyala