main-post-cover

    Məşhur analitik iPhone 2019 modellərinin kameraları barəsində məlumat verdi

    Elm & Texnologiya
    19.04.2019
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo bu il təqdim olunacaq iPhone modelləri barəsində yeni məlumatlar verdi. Bu barədə Macdigger saytı xəbər verib. Bu dəfə məşhur analitik hələ təqdim olunmamış iPhone modellərinin kamera özəlliklərindən danışıb. Beləliklə onun verdiyi məlumata əsasən üçlü arxa kameranı bu il 6.5 düym və 5.8 düym OLED ekranlara sahib iPhone modelləri əldə edəcəklər.
        Bu iPhone modellərinin ikili arxa kameralarına 12 MP-lik genişformatlı kamera modulu əlavə olunacaq. Smartfonların həm arxa kameraları həm də ön kameraları xüsusi şüşə ilə örtülü olacaq ki, kameralar smartfonların dizaynları ilə uyğun görünsün. Lakin həmin xüsusi şüşə örtüyü kameraların imkanlarına heç bir təsir göstərməyəcək. İkili arxa kameraya əlavə olunacaq 12 MP-lik genişformatlı kamera modulu Sony şirkəti tərəfindən istehsal olunur. Ming-Chi Kuo onu da qeyd edib ki, iPhone XR modelinin davamçısı olacaq 6.1 düym ekranlı model ikili arxa kamera ilə təchiz olunacaq.
        Bundan əlavə olaraq Apple şirkəti bu ilki iPhone modellərinin ön kameralarını da yeniləməyi düşünür. Belə ki, bu ilki iPhone modelləri beş elementli 12 MP-lik ön kameralara sahib olacaqlar. Müasir Apple smartfonları isə dörd elementli 7 MP-lik ön kameralar ilə təchiz olunurlar. Analitikin verdiyi məlumata əsasən ön kamera dəyişikliyi bu il təqdim olunacaq hər 3 iPhone modelinə aid ediləcək. Çox güman ki, Apple şirkəti ənənəyə sadiq qalaraq yeni iPhone modellərini bu ilin sentyabr ayında təqdim edəcək.
    Linki kopyala