
Məşhur insayder növbəti AirPods Pro-nun üstünlüklərindən danışıb
Elm & Texnologiya
03.07.2023
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple tərəfindən hazırlanan yeni AirPods Pro barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən aktual olan AirPods Pro 2-dən fərqli olaraq yeni AirPods Pro modeli daha geniş funksionallığa sahib olacaq. Belə ki, yeni naqilsiz qulaqlıq özündə bəzi tibbi imkanları birləşdirəcək. İnsayder bildirib ki, hazırlanan yeni AirPods Pro istifadəçi bədəninin temperaturunu ölçə biləcək. Bununla yanaşı AirPods Pro 3-də eşitmə qabiliyyətinin yoxlanılması funksiyası reallaşdırılacaq.
Bu yoxlanış əsasında əldə ediləcək məlumatlar sayəsində smartfon ekvalayzeri avtomatik şəkildə elə ayarlayacaq ki, səs istifadəçiyə daha detallı şəkildə ötürülsün. Bununla yanaşı Gurman bildirib ki, ABŞ-da eşitmə aparatlarının həkim resepti vasitəsilə satılması qanununun ləğv edilməsi səbəbilə yeni AirPods Pro eşitmə aparatı sertifikatını əldə edəcək. Həmçinin məlumatda qeyd edilib ki, Apple bundan sonra AirPods seriyasının bütün modellərini USB Type-C girişi ilə təchiz edəcək. Çox güman ki, Apple yeni AirPods Pro-nu gələn il təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər