main-post-cover

    Microsoft şirkəti OpenAI təşkilatına 1 milyard dollar investisiya yatıracaq

    Elm & Texnologiya
    23.07.2019
    Emil Nəcəfov
        Microsoft şirkəti süni zəka texnologiyasının inkişafı ilə məşğul olan OpenAI təşkilatına 1 milyard dollar investisiya yatırmağı planlaşdırdığını bildirdi. Bu barədə Venturebeat saytına istinadən Vc.ru saytı xəbər verib. Bu səbəbdən hər iki tərəf Microsoft Azure bulud platformasında süni zəka texnologiyalarının inkişaf etdirilməsi üzrə əməkdaşlıq müqaviləsi bağlamağa razı oldu. Müqavilənin şərtlərinə əsasən Microsoft şirkəti OpenAI təşkilatının bəzi texnologiyalarını özündə birləşdirən məhsulları sata biləcək, OpenAI təşkilatı isə özünün süni zəka modellərinin testi üçün Microsoft Azure platformasından istifadə edəcək.
        OpenAI təşkilatının həmtəsisçisi Greg Brockman bildirib ki, təşkilata bu əməkdaşlıq lazım idi. Çünki təşkilat hesablama texnologiyalarının gücünə ehtiyac duyur. Təşkilatın məlumatlarına əsasən 2012-ci ildən 2018-ci ilə kimi süni zəka modellərinin işə salınması üçün lazım olan hesablama gücü 300.000 dəfə artıb. 2018-ci ildə OpenAI təşkilatının bütün xərclərinin 1/4 hissəsi məhz bulud hesablama texnologiyalarının üzərinə düşmüşdü. 2017-ci ildə təşkilat buna 7.8 milyon dollar vəsait xərcləmişdi.
        Qeyd etmək lazımdır ki, bu təşkilatın bir neçə layihəsi işıq üzü görüb: Süni zəka alqoritmlərinin tədqiqat platforması olan OpenAI Gym, botların təkmilləşdirilməsi üçün olan Neural MMO adlı oyun platforması, MuseNet AI adlı 4 dəqiqəli kompozisiyalar generatoru, Dota 2 oyununda professional oyunçulara qalib gəlmiş OpenAI Five botu və s. Qeyd etmək lazımdır ki, OpenAI təşkilatı 2015-ci ildə Elon Musk, Sam Altman və digərləri tərəfindən yaradılmışdı. Təsisçilər bir yerdə təşkilata 1 milyard dollar investisiya yatırmışdılar və 2020-ci ilə kimi bu məbləğin yalnız kiçik bir hissəsinin istifadə olunması nəzərdə tutulmuşdu.
    Linki kopyala