Logo
    main-post-cover

    Microsoft süni intellekt üçün nəhəng məlumat mərkəzini təbii qazla işlədəcək

        Microsoft və Chevron Texas ştatında yerləşəcək nəhəng məlumat mərkəzinin enerji təminatı üçün 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb. “Project Kilby” adlanan layihə ABŞ-da süni intellekt infrastrukturu üçün həyata keçirilən ən böyük enerji təşəbbüslərindən biri hesab olunur. Layihə Texasın Reeves County bölgəsində, dünyanın ən iri neft və qaz yataqlarından biri olan Permian hövzəsində inşa ediləcək. Chevron-un açıqlamasına görə, elektrik stansiyası 2028-ci ildə fəaliyyətə başlayacaq və mərhələli şəkildə 2,67 giqavat gücə çatacaq. Bu göstərici təxminən 2 milyon ev təsərrüfatının enerji tələbatını ödəməyə bərabərdir.
    Fuel and Stations — Chevron
        Project Kilby-nin əsas xüsusiyyətlərindən biri onun tamamilə müstəqil enerji sistemi üzərində qurulmasıdır. Stansiya Texasın ümumi elektrik şəbəkəsinə qoşulmayacaq və bütün enerjini yerində istehsal edəcək. Chevron bildirir ki, bu yanaşma həm enerji şəbəkəsinə əlavə yükün qarşısını alacaq, həm də Permian bölgəsində hasil olunan və tez-tez istifadə edilmədən yandırılan artıq təbii qazın dəyərləndirilməsinə imkan verəcək. Elektrik istehsalı üçün əsasən GE Vernova şirkətinin qaz turbinlərindən istifadə olunacaq. Layihədə həmçinin su sərfiyyatını azaltmaq məqsədilə şor yeraltı sulardan istifadə ediləcək və atmosferə atılan zərərli emissiyaların azaldılması üçün xüsusi filtrasiya sistemləri quraşdırılacaq.
        Microsoft üçün bu əməkdaşlıq sürətlə böyüyən süni intellekt xidmətlərinin enerji tələbatını qarşılamaq məqsədi daşıyır. Şirkət yaxın iki il ərzində məlumat mərkəzlərinin ümumi həcmini iki dəfə artırmağı planlaşdırır. İndiyədək əsasən bərpa olunan enerji və nüvə enerjisinə üstünlük verən Microsoft-un təbii qaz əsaslı enerji layihəsinə qoşulması isə şirkətin iqlim strategiyası ilə bağlı yeni müzakirələrə səbəb olub.
     
    Paylaş