
OnePlus şirkətinin MWC 2023 sərgisi çərçivəsində təqdim etmiş olduğu daha bir yeni məhsul smartfonlar üçün nəzərdə tutulmuş portativ maye soyutma cihazı olub. Şirkət bu portativ maye soyutma cihazının pərlər əsasında olan ənənəvi soyutma sistemləri üzərində nə kimi üstünlüklərə sahib olduğunu açıqlayıb. Beləliklə məlumata əsasən OnePlus 45W Liquid Cooler adlı bu cihaz smartfon gövdəsinin temperaturunu 20 dərəcə Selsi aşağı salmağa qadirdir. Cihaz iki hissədən ibarətdir. Birinci hissəni bərkidici blok təşkil edir. İkinci hissə isə bir qədər böyük ölçülü moduldan təşkil edilib və onun tərkibinə mayenin saxlanması üçün nəzərdə tutulmuş çən, radiator və maye nasosu daxildir.
Cihazın bərkidici hissəsi smartfonun ən yüksək temperaturlu sahəsinə bərkidilir. OnePlus-ın sözlərinə əsasən pərlər əsasında olan ənənəvi soyutma sistemlərindən fərqli olaraq onun portativ maye soyutma cihazı daha yüksək effektivliyə sahibdir və istifadədə rahatdır. Bərkidici hissənin çəkisi 75 qramm, eni isə 51 mm təşkil edir. Buna görə də o, smartfona bərkidilmiş olduğu halda da mobil oyun prosesinə mane olmur. Cihazın əsas texniki göstəriciləri barəsində ətraflı məlumat verilməyib. Şirkət OnePlus 45W Liquid Cooler-in nə zaman satışa çıxacağı, hansı qiymətə satılacağı və hansı smartfonlarla uyğunlaşa biləcəyi barəsində məlumatları daha sonra təqdim edəcək.
Şərh yoxdur