
MWC 2023: Xiaomi Electric Scooter 4 Ultra adlı yeni elektrikli samokat təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
26.02.2023
Emil
Xiaomi şirkəti MWC 2023 sərgisi çərçivəsində Xiaomi Electric Scooter 4 Ultra adlı yeni elektrikli samokatını təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu, Xiaomi-nin ikili asqı sisteminə sahib ilk samokatıdır. Bunun sayəsində elektrikli samokat hətta düz olmayan yollarda belə komfortlu sayəhəti təmin edir. Xiaomi DuraGel adlı 10 düym-lük təkmilləşdirilmiş təkərlər isə öz yüksək dözümlülükləri və bərpa oluna bilmə özəllikləri ilə fərqlənirlər. Belə ki, əgər samokatın təkərlərinə diametri 3.5 mm-dən az olan hər hansısa obyekt ilişsə, təkərlərdə olan jele formalı örtük onların formalarını bərpa edə bilir. Elektrikli samokatın sahib olduğu mühərrikin pik gücü 940 vatt təşkil edir və bunun sayəsində samokat saatda 25 km sürət yığa bilir.
Samokatın sahib olduğu litium batareyanın həcmi isə 561.5 vatt saat təşkil edir. Bu cür batareya sayəsində samokat 70 km yol qətt edə bilir. Batareyanı 100%-lik enerji ilə təmin etmək üçün 6.5 saat vaxt lazımdır və bu proses çərçivəsində batareya enerjini 124 vatt gücündə olan şarj adapterindən əldə edir. Samokatın gövdəsi yüksək dözümlü alüminium ərintisindən hazırlanıb və o, daha uzun və geniş idarəetmə sükanı ilə ayaqlar üçün nəzərdə tutulmuş daha böyük dayaq əldə edib. Nəticədə samokat 120 kq ağırlığa dözə bilir. Samokatın gövdəsi IP53 standartı üzrə sudan və tozdan qorunur. Bu isə o deməkdir ki, onu rahatlıqla yağışlı havada istifadə etmək olar. Xiaomi Electric Scooter 4 Ultra artıq satışa çıxıb və Avropa bazarında 999 avroya satılır.
Paylaş
Bənzər xəbərlər