
Çinin ZTE şirkəti MWC 2023 sərgisi çərçivəsində öz ilk AR eynəyini təqdim edib. AR eynək şirkətin Nubia brendi altında təqdim edilib və Nubia Neovision Glass adını əldə edib. Xarici görünüşcə sözügedən AR eynək böyük ölçülü Günəş eynəyini xatırladır. Nubia Neovision Glass-ın əsas üstünlüklərindən biri də odur ki, o, cəmi 79 qramm çəkiyə sahibdir. Bununla belə AR eynək hər biri 1920x1080 piksel keyfiyyətli 2 ədəd micro-OLED ekranla təchiz olunub. Ekranların piksel sıxlıqları isə 3500 PPI təşkil edir.
Bu o deməkdir ki, istifadəçi AR eynəkdən istifadə edən zaman onun gözləri qarşısında 120 düym ölçüyə sahib ekrana ekvivalent olan analoq əks olunur. ZTE-nin ilk AR eynəyinin konstruksiyasında həmçinin 2 ədəd səsgücləndirici mövcuddur və onlar istifadəçini keyfiyyətli səs ilə təmin edirlər. Üstəlik Nubia Neovision Glass müxtəlif növ cihazlara qoşula bilir. Bura smartfonlar, kompüterlər və oyun konsolları da daxildir. Sözügedən AR eynəkdən istifadə etmək üçün onu mütləq şəkildə digər bir cihaza qoşmaq lazımdır. Məsələn smartfona və ya kompüterə. Bu isə o deməkdir ki, AR eynək müstəqil şəkildə çalışa bilmir. Şirkət Nubia Neovision Glass-ın hansı qiymətə və nə zaman satılacağı barəsində heç bir məlumat verməyib.
Şərh yoxdur