NASA Artemis II missiyasını mart ayına təxirə saldı
Elm & Texnologiya
03.02.2026
Ilhama
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, NASA Ay proqramı çərçivəsində həyata keçirilən Artemis II missiyasının buraxılışını yenidən təxirə salıb. Buna səbəb Florida ştatındakı Kennedi Kosmik Mərkəzində aparılan sınaqlar zamanı raketin yanacaq doldurma sistemi ilə bağlı hidrogen sızmalarının aşkar edilməsi olub.
Bazar ertəsi və çərşənbə axşamına keçən gecə keçirilən “Wet Dress Rehearsal” (real buraxılışın sınaq versiyası) zamanı mühəndislər bir neçə texniki problemi aradan qaldırmağa çalışsalar da, hidrogen sızması tam nəzarət altına alına bilməyib. Nəticədə NASA missiyanın ən tez mart ayından əvvəl baş tuta bilməyəcəyini açıqlayıb. Artemis II missiyası son 53 ildə ilk dəfə astronavtların Ay ətrafına göndərilməsini nəzərdə tutur. Missiya çərçivəsində dörd astronavt, Reid Wiseman, Victor Glover, Christina Koch və kanadalı Jeremy Hansen Orion kosmik gəmisi ilə Ayın görünməyən tərəfi ətrafında dövrə vuraraq Yerə geri qayıtmalı idi.
Sınaq zamanı hidrogen sızması raketin əsas mərhələsi ilə start platforması arasındakı bağlantıda, daha əvvəl də problemlər yaradan hissədə qeydə alınıb. Hidrogenin son dərəcə aşağı temperaturda saxlanılması (−253°C) contaların formasını dəyişdirdiyi üçün bu cür sızmaların qarşısını almaq çətinləşir. NASA mühəndisləri axşam saatlarında problemi qismən aradan qaldıraraq raketi tam yanacaqla doldursalar da, geri sayımın son mərhələsində hidrogen sızmasının səviyyəsi yenidən təhlükəli həddi keçib və geri sayım T–5 dəqiqə 15 saniyədə dayandırılıb.
Bu səbəbdən NASA əlavə analiz, təmir və ikinci bir sınaq geri sayımı keçirmədən buraxılışa icazə verməyəcəyini bildirib. Agentlik mart ayı üçün ilk mümkün buraxılış tarixinin 6 mart olduğunu qeyd edir.
Paylaş