NASA Ay missiyası üçün Starliner Astrovan II-ni seçdi
Elm & Texnologiya
26.12.2025
Sevinc
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, NASA Ay ətrafına yönələn Artemis II missiyası üçün hazırlıqları sürətləndirir. Agentlik Boeing-in Starliner proqramı üçün hazırlanmış Astrovan II adlı xüsusi nəqliyyat vasitəsini yenidən dizayn edərək Artemis II astronavtlarının start meydançasına aparılması üçün istifadəyə verib.
Dekabrın 20-də Kennedi Kosmik Mərkəzində keçirilən sınaq geri sayım məşqində Artemis II ekipajı, missiya komandiri Reid Wiseman, pilot Victor Glover, missiya mütəxəssisləri Christina Koch və Kanadanın astronavtı Jeremy Hansen uçuş günündə izləyəcəkləri prosedurları real şəraitdə məşq ediblər. Məşq zamanı astronavtlar ekipaj otağından raketə aparılacaq yeni Astrovan II ilə ilk rəsmi səyahətlərini ediblər. Təxminən 8 metr uzunluğunda olan bu Airstream əsaslı avtomobil Ay təsvirləri, Artemis II missiya nişanı və proqram loqoları ilə xüsusi şəkildə bəzədilib. Maraqlıdır ki, NASA əvvəlcə Artemis proqramı üçün elektriklə işləyən Canoo mikroavtobuslarını seçmişdi. Lakin şirkətin müflis elan edilməsindən sonra agentlik alternativ həll axtarmağa məcbur qaldı.
Bu mərhələdə NASA kommersiya tərəfdaşlarından biri olan Boeing-ə müraciət etdi. Şirkətin 2019-cu ildə Starliner uçuşları üçün təqdim etdiyi Astrovan II daha əvvəl Atlas V raketi ilə həyata keçirilən sınaq missiyasında istifadə olunmuşdu. Həmin uçuş zamanı Starliner kapsulunda texniki problemlər yaşansa da, avtomobil özü uğurla xidmət göstərmişdi.
“Astrovan II” adı da təsadüfi deyil. 1980-ci illərdə Airstream tərəfindən istehsal olunan ilk Astrovan NASA-nın Apollo proqramında istifadə edilmişdi. Hətta Airstream şirkəti Apollo astronavtları üçün Ay missiyalarından sonra istifadə edilən mobil karantin modullarını da istehsal etmişdi.
Paylaş