NASA-nın Artemis II missiyası yenə gecikdi
Elm & Texnologiya
23.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NASA-nın Artemis II missiyası yenidən gecikib. Kosmik agentlik bu dəfə gecikmənin səbəbi kimi SLS (Space Launch System) raketinin yuxarı pilləsinə helium ötürülməsində yaranmış problemi göstərir.
Əvvəlcə martın 6-na qədər start ehtimalı nəzərdən keçirilirdi. Lakin NASA bildirib ki, həftəsonu SLS raketinin “interim cryogenic propulsion stage” (müvəqqəti kriogen mühərrik mərhələsi) hissəsinə helium axınında fasilə müşahidə olunub. Bu səbəbdən raket start meydançasından dörd millik məsafədə yerləşən Vehicle Assembly Building (VAB) montaj binasına geri aparılacaq.
NASA administratoru Jared Isaacman sosial şəbəkədə paylaşım edərək təsdiqləyib ki, bu geri qaytarılma mart buraxılış pəncərəsini gündəmdən çıxarır. Agentlik hazırda aprel buraxılış pəncərəsini qorumağa çalışır, lakin bunun üçün nasazlığın tez bir zamanda aradan qaldırılması lazımdır.
NASA-nın açıqlamasına görə, yuxarı mərhələdə helium qazı mühərrikin düzgün mühit şəraitini saxlamaq və maye hidrogen ilə maye oksigen çənlərini təzyiqləndirmək üçün istifadə olunur. “Wet dress rehearsal” adlanan son sınaqlar zamanı sistemlər normal işləsə də, fevralın 19-da başa çatan həmin sınaqdan sonra normal əməliyyat rejimində helium axınını təmin etmək mümkün olmayıb.
Paylaş