Logo
    main-post-cover

    NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər

         Alimlər dərin kosmosda istifadə olunan kosmik aparatlara enerji təmin edən radioizotop generatorlar üçün alternativ nüvə yanacağı kimi amerisium-241-in sınaqlarını keçiriblər. Bu yanacaq plutonium-238-i əvəz edə bilər və nəticədə kosmik missiyaların müddətini artırmaq mümkün olar. NASA alimləri elektrik enerjisi istehsalı üçün amerisium-241 yanacağı ilə işləyən yeni radioizotop termoelektrik generatorun sınağını həyata keçiriblər. Məlumata görə, Günəş sisteminin xarici hissəsinin tədqiqinə yönəlmiş gələcək kosmik aparatlar bu sayədə xeyli daha uzun müddət işləyə biləcəklər. Artıq bir neçə onillikdir ki, NASA uzaq məsafələrdə - Günəşdən çox uzaqda yerləşən kosmik aparatlarına elektrik enerjisi təmin etmək üçün plutonium-238 yanacağı ilə işləyən radioizotop termoelektrik generatorlardan istifadə edir.
         Bu generatorlar, Günəş işığının kifayət qədər olmadığı, məsələn, Günəş sisteminin xarici hissələrində belə, aparatların işlək vəziyyətdə qalmasına imkan verir. İndi isə NASA alimləri radioizotop generatorlar üçün yeni növ nüvə yanacağı - amerisium-241 üzərində çalışırlar. NASA-nın Glenn Tədqiqat Mərkəzinin alimləri istilik enerjisini elektrik enerjisinə çevirən və amerisium-241 ilə işləyən yeni Stirling generatorunu sınaqdan keçiriblər. Sınaq göstərib ki, yeni radioizotop generator digər analoji sistemlərə nisbətən daha uzun müddət və daha səmərəli işləyə bilir. Amerisium-241 isə kifayət qədər enerji istehsal etməyə imkan verir ki, bu da kosmik aparatların dərin kosmosda onillərlə fəaliyyət göstərmələrinə şərait yaradacaq.
         Əgər amerisium-241 yanacağı ilə işləyən yeni radioizotop generatorun növbəti sınaqları da uğurlu olarsa, NASA təkcə Günəş sisteminin kənarındakı zondları deyil, həmçinin onun hüdudlarından kənarda yerləşən aparatları da daimi enerji ilə təmin etmək imkanı əldə edəcək. Plutonium-238-in istehsalı həm mürəkkəb, həm də bahalıdır. Buna görə də, amerisium-241 yaxşı alternativ hesab olunur, çünki onun istehsalı daha asan və ucuz başa gəlir. NASA-nın alimləri yeni radioizotop generatorun növbəti prototipini hazırlamaq üzərində çalışırlar. Bu prototip daha ekstremal kosmik şəraitlərə məruz qalacaq, beləliklə cihazın etibarlılığı və səmərəliliyi dərin kosmos missiyaları zamanı yoxlanılacaq. Tədqiqatçılar hesab edirlər ki, əgər bütün sınaqlar uğurlu olarsa, amerisium-241 ilə işləyən Stirling radioizotop generatorları müxtəlif aparatları, o cümlədən Yupiter Saturnun peyklərinin tədqiqi üçün nəzərdə tutulan enmə modullarını və Günəş sisteminin daha uzaq bölgələrini araşdıracaq qurğuları enerji ilə təmin edə biləcək.
    Paylaş