NASA Psyche missiyasından Marsın unikal görüntülərini paylaşdı
Elm & Texnologiya
20.07.2026
Sevinj
NASA Psyche kosmik aparatının Marsa yaxın uçuşu zamanı qeydə aldığı möhtəşəm görüntülərdən hazırlanmış yeni timelaps videosunu yayımlayıb. Kadrlar aparatın may ayında Marsın cazibə qüvvəsindən istifadə edərək trayektoriyasını dəyişdiyi uçuş zamanı çəkilib. Psyche kosmik aparatı Marsa yaxınlaşarkən üzərindəki multispektral kamera vasitəsilə minlərlə şəkil qeydə alıb. NASA bu fotoları birləşdirərək hazırladığı timelaps videosunda Marsın aypara formasında görünüşünü, səthinin detallı görüntülərini və uzaqlaşarkən cənub qütbündəki buz örtüyünü nümayiş etdirib.
Missiyanın görüntüləmə sistemi üzrə rəhbəri, Arizona Dövlət Universitetinin alimi Cim Bell bildirib ki, kamera gözlənildiyi kimi yüksək nəticə göstərib və Marsın nadir müşahidə olunan görüntülərini əldə etməyə imkan verib. Onun sözlərinə görə, bu uçuş zamanı kameranın kalibrlənməsi, işıq həssaslığı və optik imkanları da uğurla sınaqdan keçirilib. Alimlər eyni zamanda Marsın Fobos və Deymos peyklərini böyük məsafədən müşahidə edə biliblər. Bu təcrübə gələcəkdə Psyche asteroidinin ətrafında mümkün kiçik peyklərin axtarışı üçün də istifadə olunacaq.
Paylaş
