NASA roveri Marsda rekord məsafə qət etməyə davam edir
Elm & Texnologiya
22.06.2026
Sevinj
NASA-nın Perseverance roveri Marsda fəaliyyətə başladıqdan cəmi beş il sonra daha bir mühüm nailiyyətə imza atıb. Kosmik agentliyin açıqlamasına görə, rover Qırmızı Planetdə ümumilikdə 26,2 mil (təxminən 42,2 kilometr) məsafə qət edərək marafon uzunluğunu geridə qoyub. Perseverance bu göstəriciyə iyunun 14-də çatıb. Maraqlıdır ki, rover ideal şəraitdə saatda cəmi 0,16 kilometr sürətlə hərəkət edə bilir. Buna baxmayaraq, o, Marsın çətin relyefində minlərlə maneəni aşaraq bu rekorda nail olub.
NASA-nın məlumatına görə, Perseverance başqa bir planetdə marafon məsafəsini qət edən ikinci kəşfiyyat aparatıdır. Bu uğura ilk dəfə 2015-ci ildə Opportunity roveri imza atmışdı. Opportunity eyni məsafəni qət etmək üçün 11 il 2 ay vaxt sərf etmişdi. Hazırda Marsda fəaliyyət göstərən Curiosity roveri isə 2012-ci ildən bəri 23 mildən (37 kilometrdən) bir qədər çox məsafə qət edib.
Perseverance marafon həddini keçdiyi zaman Jezero kraterinin qərbində yerləşən qədim geoloji əraziləri araşdırırdı. Məhz bu bölgədə rover vaxtilə Marsda mövcud olmuş qədim gölün izlərini və potensial qədim həyat əlamətlərini aşkar edib. Son günlərdə göndərilən yeni görüntülər arasında roverin Mars səthində çəkdiyi selfi də yer alıb.
Paylaş