NASA və ESA astronavtları SpaceX ilə kosmosa qayıdır
Elm & Texnologiya
13.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiyada (ISS) yanvar ayında baş verən tibbi hadisə səbəbindən dörd astronavt planlaşdırıldığından daha tez Yerə qayıtmalı olub. Bu səbəbdən son bir ay ərzində kosmosda yalnız bir NASA astronavtı – Kris Uilyams xidmət göstərirdi.
Bu vəziyyət tezliklə dəyişəcək. NASA-nın Crew-12 missiyası cümə günü səhər saatlarında Florida ştatındakı Keyp Kanaveral kosmodromundan start götürməyə hazırlaşır. Missiyanın heyətinə NASA astronavtları Cessika Meir və Sofi Adeno, Avropa Kosmik Agentliyinin (ESA) nümayəndəsi Cek Hatavey və rus kosmonavtı Andrey Fedyaev daxildir. Kris Uilyams 2025-ci ilin noyabrında Rusiya istehsalı olan “Soyuz” kosmik gəmisi ilə ISS-ə çatmışdı. O, tamamilə tək olmasa da rus kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev də stansiyada idi. ABŞ tərəfindən yalnız bir astronavtın qalması nadir hal kimi qiymətləndirilir.
Yanvarın 15-də Crew-11 missiyasının üzvləri olan Zena Kardman, Mayk Fink, Yaponiyadan Kimiya Yui və Rusiyadan Oleq Platonov Kaliforniya sahilləri yaxınlığında okeana eniş ediblər. NASA tibbi problem yaşayan şəxsin kimliyini və vəziyyətini açıqlamayıb, bunu şəxsi məlumatların qorunması ilə əsaslandırıb. Bununla belə, enişdən altı gün sonra keçirilən mətbuat konfransında bütün astronavtların yaxşı vəziyyətdə olduğu bildirilib.
Bu hadisə NASA ilə Rusiyanın Roskosmos agentliyi arasında tətbiq olunan “oturacaq mübadiləsi” sisteminin əhəmiyyətini bir daha göstərib. Bu razılaşma sayəsində ISS-də daim ən azı bir amerikalı və bir rus heyət üzvü olur. Bu isə Yer səthindən təxminən 400 kilometr yüksəklikdə orbitdə hərəkət edən stansiyanın ABŞ və Rusiya modullarının fasiləsiz idarə olunmasını təmin edir.
Paylaş