
Nokia bu il ərzində Ayda 4G LTE şəbəkəsini istifadəyə verməyi planlaşdırır
Elm & Texnologiya
29.03.2023
Emil
Nokia bu il ərzində Ay səthində 4G LTE şəbəkə əhatəsini istifadəyə verməyi planlaşdırır. Gözləntilərə əsasən bu, tədqiqatların aparılmasını stimullaşdıracaq və insanların daimi şəkildə Ayda yerləşmələri prosesini sadələşdirəcək. Qeyd etmək lazımdır ki, Nokia kosmik şəbəkənin yaradılması planını hələ 2018-ci ildə açıqlamışdı. İndi isə məlum olub ki, Nokia Ay-da 4G LTE şəbəkə əhatəsinin təmin edilməsi üçün nəzərdə tutulmuş təchizatı yaxın aylar ərzində SpaceX şirkətinin raketi vasitəsilə göndərəcək. Gözləntilərə əsasən Ayda 4G LTE şəbəkəsinin əsasını antenli baza stansiyası, Nova-C adlı eniş mobulu və Günəş enerjisi vasitəsilə çalışacaq Ay aparatı təşkil edəcək.
Məlumatda qeyd edilib ki, antenli baza stansiyası öz növbəsində Nova-C eniş modulunun daxilində yerləşəcək və LTE bağlantısı eniş modulu ilə Ay aparatı arasında olacaq. Bütün bu təchizatlar Ayın cənub yarımkürəsində yerləşən Shackleton adlı kraterə çatdırılacaq. Nokia bildirib ki, Ay səthində 4G LTE şəbəkə əhatəsini təmin edəcək təchizat ekstremal kosmik şəraitdə çalışmaq üçün nəzərdə tutulub. Gələcəkdə isə LTE şəbəkəsi NASA-nın “Artemis” adlı Ay missiyaları çərçivəsində istifadə ediləcək. Nokia-nın bu layihəsinin əsas məqsədi yerüstü şəbəkə növlərinin gələcək Ay missiyaları çərçivəsində astronavtları şəbəkə əlaqəsi ilə təmin edə biləcəklərini sərgiləməkdir.
Bu cür şəbəkə astronavtların bir-biriləri və missiyanın idarəetmə mərkəzi ilə əlaqə yaratmalarına imkan verəcək. Bu cür şəbəkə həmçinin Ay aparatlarının distant şəkildə idarəsi və video ilə fotoların Yer kürəsinə göndərilməsi imkanını verəcək. Özündə baza stansiyasını birləşdirəcək eniş modulu SpaceX şirkətinin raketi vasitəsilə Aya göndəriləcək. Lakin uçuş zamanı eniş modulu raketin sürətləndirici blokundan ayrılacaq və Aya öz mühərrikləri vasitəsilə istiqamət alacaq. Analitiklərin sözlərinə əsasən əgər Ayda 4G LTE şəbəkəsinin istifadəyə verilməsi üçün nəzərdə tutulmuş təchizat tam hazır vəziyyətdədirsə, o, həqiqətən də bu il ərzində Aya göndərilə bilər.
Paylaş
Bənzər xəbərlər