
ABŞ hökuməti NVIDIA və AMD şirkətlərinin süni zəka çiplərinin eksportunu təkcə Çin üçün deyil, həmçinin Yaxın Şərq üçün də məhdudlaşdırıb. Məhdudiyyətlər əsasən NVIDIA-nın A100 və H100 adlı çiplərini əhatə ediblər. Sözügedən çiplər machine learning tapşırıqlarının yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün nəzərdə tutulur. Şirkət bildirib ki, eksport nəzarəti tədbirlərinin təşkil edilməsi onun fəaliyyətinin nəticələrinə təsir göstərməyəcək.
Məlumata əsasən AMD şirkəti də eyni məhdudiyyətlər ilə bağlı məktubu əldə edib. Şirkət əmindir ki, ABŞ hökumətinin bu qərarı onun gəlirlərinə ciddi təsir göstərməyəcək. ABŞ-da eksport lisenziyası ilə məşğul olan Ticarət Nazirliyi bildirib ki, o, süni zəka çiplərinin Yaxın Şərq ölkələrinə satılması prosesini bloklamayıb. Bununla belə nazirlik konkret ABŞ şirkətləri üçün yeni tələblərin təşkil olunub-olunmadığı barəsində də məlumat verməyib.