
Oculus şirkətinin təsisçisi Palmer Luckey Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını tərifləyib. O öz Twitter hesabındakı tweet-də bildirib ki, şirkətin MR cihazı çox yaxşıdır. Bununla yanaşı o qeyd edib ki, şirkət daxilində sözügedən yeni məhsulun çox uğurlu olacağına dair gözləntilər var. Palmer Luckey bu fikirlərinin nəyə əsaslandığını söyləməyib. Bəzi məlumatlara əsasən çox güman ki, o, Apple-da çalışan şirkət əməkdaşlarından biri ilə MR cihaz barəsində söhbət aparıb. Ola bilər ki, Palmer bu məsələdə Apple ilə çalışan digər şirkətlərlə də müzakirələr aparıb.
Belə ki, Apple MR cihazın proqram təminatı mövzusunda son bir neçə aydır ki, kənar tərtibatçılar ilə çalışır. Gözləntilərə əsasən Apple öz ilk MR cihazını gələn ay baş tutacaq WWDC 2023 konfransında təqdim edəcək. Cihazın aparıcı texnologiyalara sahib olacağı və Apple M2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Palmer Luckey VR sahədə uğur qazanmış ilk startaplardan biri olan Oculus-u təsis etmişdi. 2014-cü ildə isə Facebook onu 2 milyard dollara almışdı. 2017-ci ildə Palmer Facebook və Oculus-dan ayrılmış və Anduril Industries şirkətini təsis etmişdi. Sözügedən şirkət müdafiə məqsədləri üçün nəzərdə tutulmuş avtonom sistem texnologiyalarının hazırlanması ilə məşğul olur.