Logo
    main-post-cover

    Polestar 4 elektromobili təqdim edilib

        Bugün Şanxayda start götürmüş avtomobil sərgisi çərçivəsində İsveçin Polestar şirkəti Polestar 4 adlı kompakt ölçülü elektrikli kupe-krossoveri təqdim edib. Öz yeni elektromobilində şirkət əsas diqqəti dizayn özəlliklərinə ayırıb. Buna misal olaraq elektromobilin şüşə materialdan hazırlanmış tavanını gətirmək olar. Məlumatda qeyd edilib ki, elektromobilin şüşə tavanı öz şəffaflıq sıəviyyəsini dəyişə bilər. Polestar 4 elektromobili 4839 x 2139 x 1544 mm ölçülərə sahibdir. Bu cür ölçülər sayəsində elektromobil daxilinə 3 sıra oturacaq yerləşdirmək olardı. Lakin şirkət arxa oturacaqlardakı sərnişinlərin rahatlıqlarını düşünərək iki sıra oturacaq yerləşdirib. Şirkət bildirib ki, Polestar 4 şirkətin hal hazırda ən sürətli elektromobilidir. O, saatda 100 km sürəti 3.8 saniyəyə yığır.
        Elektromobil maksimal 544 at gücünə sahibdir. Polestar 4 iki versiyada satılacaq. Onlardan biri 1 ədəd elektromühərrikə, digəri isə 2 ədəd elektromühərrikə sahib olacaq. 2 ədəd elektromühərrikə sahib olacaq Polestar 4 modelində həm ön həm də arxa təkərlər mühərrikdən güc ala biləcəklər. Elektromobilin batareya həcmi 102 kilovatt saat təşkil edir və bir dəfə şarj olunandan sonra o, 480 km yol qətt edə bilir. Əlavə olaraq 2 ədəd mühərrikə sahib modeldə elektromobilin ön hissəsindəki mühərriki söndürmək mümkün olacaq. Bu isə öz növbəsində həmin modelin daha çox yol qətt etməsinə şərait yaradacaq. Salonun sürücü olan hissəsində 10.2 düym ölçülü panel mövcuddur. Həmin paneldə sürət, səyahət rejimi, batareyadakı enerji səviyyəsi və elektromobilin ətrafında olan digər nəqliyyat növləri əks olunacaqlar.
        Ön hissədə həmçinin 15.4 düym ölçülü sensorlu ekran yerləşdirilib. Ekran Android Automotive OS əməliyyat sistemi vasitəsilə çalışır və Google Maps ilə Google Assistant-dan istifadə imkanını verir. Elektromobilin tavanında həmçinin yüksək keyfiyyətli kamera da mövcuddur və o, elektromobilin arxa hissəsini yaxşı şəkildə müşahidə etməyə imkan verir. Polestar 3 kimi Polestar 4 də NVIDIA Drive platforması əsasında qurulub. Sözügedən platforma elektromobilin sahib olduğu bütün sensorlardan əldə edilən məlumatları emal edərək sürücüyə daha yaxşı köməklik göstərir. Elektromobolin standart modeli 12 ədəd kameraya, 12 ədəd ultrasəs sensoruna və 1 ədəd LiDAR skanerinə sahibdir. Polestar 4-ün 2024-cü ildə satışa çıxacağı planlaşdırılır. Onun qiyməti 60 000$-dan başlayacaq.
    Paylaş
    Bənzər xəbərlər