main-post-cover

    Porsche'nin Taycan adlı ilk elektromobili

    Elm & Texnologiya
    05.09.2019
    Farid Pardashunas
        Eyni anda Kanadada, Almaniyada və Çində keçirilmiş təqdimat tədbiri çərçivəsində Porsche şirkəti özünün Taycan adlı ilk elektromobilini təqdim edib. Porsche şirkətinin CEO-su Oliver Blume-un sözlərinə əsasən bu elektromobil şirkət üçün yeni elektrik dövrünün başlaması deməkdir. Şirkətin ilk elektromobili 761 at gücünə sahibdir və saatda 100 km sürəti 2.8 saniyəyə yığır. Bu barədə Engadget saytı xəbər verib. Porsche Taycan iki versyada satışa çıxacaq: Turbo Turbo S. Adi Turbo modeli 680 at gücünə sahibdir və saatda 100 km sürəti 3.2 saniyəyə yığır. Turbo S isə 761 at gücünə sahibdir. və saatda 100 km sürəti 2.8 saniyəyə yığır. Hər iki modelin maksimal sürəti saatda 260 km-dir.
        Adi Turbo modelinin mühərrikinin maksimal fırlanma anı 850 Nm (Nyuton metr), Turbo S modelinin mühərrikinin maksimal fırlanma anı isə 1050 Nm təşkil edir. Elektromobil iki ədəd elektromühərrikə sahibdir. Onlardan biri elektromobilin arxasında, digəri isə önündə yerləşdirilib. Adi Turbo modelinin ön mühərrikinin çəkisi 71 kq, Turbo S modelinin ön mühərrikinin çəkisi isə 76 kq-dır. Lakin hər iki modelin arxa mühərrikinin çəkisi 170 kq təşkil edir. Porsche Taycan-da diqqət çəkən məqamlardan biri də odur ki, onda elektromobillərdə ənənəvi olmayan ikisürətli transmissiya reallaşdırılıb. Birinci sürət qutusu start zamanı maksimal sürətlənməni, ikinci sürət qutusu isə mühərrikin bütün rejimlərdə effektiv işini təmin edir. Porsche Taycan həmçinin şassi nəzarətinin 4D sistemini əldə edib. Bu sistem real zaman ərzində elektromobilin asqısını analiz edir və onun işini sinxronlaşdırır.
        Porsche Taycan-ın hər iki modeli 800 volt gərginlikdə çalışan 93.4 kilovatt saat batareya ilə təchiz edilib. Adətən elektromobillər 400 volt gərginlikdə çalışan batareyalar əldə edilər. Şirkətin verdiyi məlumata əsasən 5 dəqiqə şarj olunandan sonra elektromobil 100 km yol qətt edə bilər. 5%-dən 80% enerjiyə kimi şarj olunmaq üçün Porsche Taycan-a 22.5 dəqiqə vaxt lazım olacaq. Adi Turbo modeli bir dəfə şarj olunandan sonra 450 km, Turbo S modeli isə 412 km yol qətt edə bilir. Batareyaların aşağı hissədə yerləşdirilməsi hesabına mühəndislər elektromobildə iki ədəd yük yeri reallaşdıra biliblər.
        Öndəki yük yerinin həcmi 81 litr, arxadakı yük yerinin həcmi isə 336 litrdir. Porsche Taycan-ın daxili də maksimal dərəcədə müasirdir. Elektromobilin idarəetməsi bir neçə sensorlu ekran vasitəsilə reallaşdırılır. Onlardan ən əsasının ölçüsü isə 10.9 düymdür. Şirkət ilk elektromobildə fiziki düymələrin sayını minimuma endirməyə çalışıb. Elektromobilin naviqasiya sistemində marşrutu öncədən planlayan Charging Planner adlı funksiya var. Bu funksiya lazım olan yerə ən qısa və tez yolu təyin etməyi bacarır. Porsche Taycan 2020-ci ildə satışa çıxacaq. Adi Turbo modeli 150.900$-a, Turbo S modeli isə 185.000$-a satılacaq. Gələcəkdə onların daha büdcəli modelləri satışa çıxmalıdırlar. Şirkət ildə 40.000 ədəd elektromobil istehsal etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər