main-post-cover

    Qualcomm AR funksiyalara sahib smart eynəklər üçün Snapdragon AR2 Gen 1 prosessorunu təqdim edib

    Elm & Texnologiya
    17.11.2022
    Farid Pardashunas
        Qualcomm şirkəti artırılmış reallıq funksiyalara sahib smart eynəklər üçün nəzərdə tutulmuş Snapdragon AR2 Gen 1 adlı yeni prosessorunu təqdim edib. Təqdim edilmiş bu yeni prosessorun əsas üstünlükləri arasında yüksək performans göstəriciləri, Wi-Fi 7 standartının dəstəyi və smart elektron cihazların ölçülərini kiçiltməyə imkan verəcək modul konstruksiyası var. Snapdragon AR2 Gen 1-in hazırlanması zamanı Qualcomm əsas diqqətini prosessorun göstəricilərinə, kompakt ölçülərinə, performansına və enerji sərfiyyatına ayırıb. Bunun üçün şirkət prosessoru 3 hissəyə ayırmalı olub. Birinci hissə AR çipin özündən ibarətdir. Həmin AR çip ekranların idarəsindən və kameralardan gələn video görüntülərin emal edilməsindən cavabdehdir.
        Sözügedən AR çip Snapdragon XR2 adlı genişləndirilmiş reallıq (Extended Reality / XR) prosessorundan 40% daha kiçikdir. Lakin bununla belə o, süni zəka alqoritmlərini əhatə edən əməliyyatların yerinə yetirilməsi zamanı 2.5 dəfə daha sürətlə çalışır və 2 dəfə daha az enerji sərf edir. Snapdragon AR2 Gen 1-in ikinci hissəsi köməkçi prosessordan ibarətdir. Köməkçi prosessor cihazın kameralarından və sensorlarından daxil olan məlumatları birləşdirir, gözün qüzehli qişasının skanı prosesində iştirak və göz hərəkətlərinin müşahidəsini emal edir. Prosessorun üçüncü hissəsi şəbəkə modulundan ibarətdir.
        Wi-Fi 7 standartının dəstəyinə sahib olan FastConnect 7800 sistemi smart eynəyin idarəetmə cihazlarından gələn məlumatları emal edir və kameralar tərəfindən əldə edilən məlumatlar əsasında istifadəçinin mühitdə istiqamətlənməsini reallaşdırır. Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon AR2 Gen 1-in bu cür konstruksiyası 45% daha az naqildən istifadəni mümkün edir. Qualcomm-un özü smart eynək istehsal etməyi planlaşdırmır. Lakin sözügedən yeni prosessoru digər istehsalçılara təklif edəcək. Məlumata əsasən Snapdragon AR2 Gen 1-ə sahib olacaq məhsullar üzərində artıq LG, Lenovo, Niantic, OPPO, Sharp, TCL kimi şirkətlər çalışırlar. Snapdragon AR2 Gen 1-ə sahib ilk cihazların bazarda nə zaman satışa çıxacaqları məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər