
Qualcomm şirkətinin fərdi desktop prosessorlarını istifadəyə vermək planları çoxdandır ki, internetdə gəzirdi. Lakin indiyənə kimi şirkət öz əsas diqqətini mobil cihazlar və noutbuklar üçün nəzərdə tutulmuş prosessorlarını təqdim etməyə yönəltmişdi. Snapdragon Tech Summit 2022 tədbiri çərçivəsində isə Qualcomm Snapdragon Compute prosessorları üçün Oryon prosessor nüvələrini anons edib. Təəssüflər olsun ki, şirkət yeni məhsul barəsində ətraflı məlumat verməyib.
Bununla belə şirkət bildirib ki, Qualcomm-un desktop prosessorlarının əsas özəlliklərindən biri süni zəka texnologiyalarının əsas rolu olacaq. Süni zəkanın iştirakı ilə əməliyyatların yerinə yetirilməsi zamanı CPU ilə GPU-nu yükləyən adi PC prosessorlarından fərqli olaraq Snapdragon Compute prosessorları Hexagon çipinin xüsusi versiyası ilə təchiz olunacaqlar. Həmin çip isə öz növbəsində süni zəka ilə bağlı olan əməliyyatların yerinə yetirilməsindən cavabdeh olacaq. Snapdragon Compute prosessorlarının nə zaman təqdim olunacaqları bilinmir.